Rusiya tərəfi cinayəti qəbul edərək üzr istəmədi…
Bölmə: Siyasət › ,Tarix: 17:38 29.12.2024
Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan təyyarə Rusiya səmasında “kənar müdaxiləyə” məruz qalaraq zədələnib və Aktauya yönəldilib. Aktauda, hava limanı yaxınlığında təyyarə enərkən qəza baş verib. Nəticədə, 40-a yaxın insan, o cümlədən iki pilot və bir stüardessa həlak olub. Rusiya Prezidenti Vladimir Putin təyyarə qəzasına görə dekabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək üzrxahlıq edib.
Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “informator.az”a açıqlamasında bildirib ki, təyyarə səmada qəzaya uğradıqdan sonra ilkin versiyalar dərhal səsləndirilməyə başlandı və bu versiyalar yayılan videolarla təsdiqləndi:
“Yayılan görüntülərdə açıq şəkildə görürdük ki, təyyarə birbaşa vurulub və qəza baş verib. Bu məsələdə cavabdeh olan ölkə, istər səhvən, istərsə də məqsədli şəkildə belə bir hadisəyə görə üzrxahlıq etməli idi. Lakin Rusiya tərəfi israrla məsələni öz məğzindən yayındırmağa, ictimai fikri yanıltmağa və dünya mətbuatını aldatmağa çalışdı. Bununla həm beynəlxalq konvensiyaları, həm də Azərbaycan və Rusiya arasındakı aviasiya müqaviləsini pozmaqla yanaşı, işlənən cinayəti ört-basdır etməyə cəhd etdi. Btün bunların nəticəsində ciddi bir kriz yaşandı. Bu krizi aradan qaldırmaq üçün Putinin təşəbbüsü ilə iki ölkə prezidentləri arasında telefon danışığı aparıldı. Lakin telefon danışığının mətninə nəzər saldıqda görürük ki, Rusiya tərəfi cinayəti qəbul edərək üzr istəmədi. Putin yalnız bildirdi ki, hadisə bizim səmamızda baş verdiyi üçün üzr istəyirik. Bu, Rusiya tərəfinin yenə ictimai fikri aldatmağa və diqqəti cinayətdən yayındırmağa çalışdığını göstərir."
Siyasi şərhçi qeyd edib ki, zamanla iki dövlət arasında dərin problemlər yarana bilər:
"Azərbaycan Prezidentinin açıqlamalarında isə ictimai fikrə xüsusi diqqət yetirildiyini, Azərbaycanın haqq və hüquqlarının qorunmasının əsas məqsəd olduğunu gördük. Rusiya tərəfi birmənalı şəkildə bu cinayəti etiraf etməli və məsuliyyəti öz üzərinə götürməlidir. Əks halda, bu məsələ ilkin mərhələdə ciddi problemlər yaratmasa da, zamanla iki ölkə arasında dərin və həll olunması çətin olan problemlərə səbəb ola bilər”.
Sevinc Yarməmmədova