Pakistanın Əfqanıstanın Durand Sərhədini Bombalaması -Gərginlik və Regiondakı Təsirlər

Bölmə: Siyasət › ,
Tarix: 19:13 29.12.2024

Pakistanın Əfqanıstanın Durand sərhəd bölgəsini bombalaması iki ölkə arasında münasibətləri kəskinləşdirib. Əfqanıstan hökuməti bunu xalqı hədəf alan təcavüz kimi qiymətləndirib, Pakistan isə yalnız silahlı qrupları vurduğunu bildirib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Kazım Kazımov “İnformator.az”a açıqlamasında Pakistan və Əfqanıstan arasındakı son gərginlikləri şərh edib:

 

“Əfqanıstan və Pakistan arasındakı münasibətlər getdikcə daha da gərginləşir. Bildiyimiz kimi, keçən həftə Pakistanın hava qüvvələri Əfqanıstanda bir neçə nöqtəni bombaladı. Xüsusilə sərhəd olaraq tanıdığımız Durand xəttinin bombalanması iki tərəf arasındakı münasibətləri daha da gərginləşdirdi. Əfqanıstan hökuməti Pakistanın ölkə xalqını hədəf aldığını bildirdi və çox güman ki, belə də idi. Lakin Pakistan Əfqanıstanın bu iddialarını rədd etdi və yalnız Pakistanın hava qüvvələrini hədəf alan silahlı qrupların vurulduğunu bəyan etdi.

 

Əlbəttə ki, ‘silahlı qruplar’ termini bir qədər qeyri-müəyyəndir. İlk növbədə, Əfqanıstan-Pakistan xəttində İŞİD terror təşkilatının üzvləri mövcuddur. Bundan başqa, Pakistan ərazisində fəaliyyət göstərən, Taliban adlanan bir terror təşkilatı var. Həmçinin, Talibanla orqanik əlaqəsi olan, onların bir hissəsi ola biləcək digər qruplar da mövcuddur. Bu qruplar ya Talibanın, ya da yerli tayfaların bir hissəsi ola bilər. Burada vəziyyət hələ də müəmmalıdır. Ola bilsin ki, Pakistan hökuməti Talibanı açıq şəkildə hədəf almamaq üçün belə bir ifadə istifadə edib.

 

Təəssüf ki, iki qonşu ölkə arasında son dövrlərdə baş verən toqquşmalar intensiv xarakter almağa başlayıb. Əfqanıstan isə, bildiyimiz kimi, son bir neçə gündə qarşılıq olaraq Pakistana hücumlar təşkil edib. Hətta Əfqanıstanın müvəqqəti hökumətinin açıqlamasında həmin torpaqların əslində Pakistanın yox, mübahisəli ərazilər olduğu, hətta Əfqan torpaqları olduğu vurğulanıb. Bu, olduqca qarışıq və həssas bir vəziyyət yaradıb”.

 

Kazım Kazımov bildirib ki, gərginlik təkcə iki ölkənin təhlükəsizliyinə deyil, həm də regionun sabitliyinə ciddi təsir göstərir:

 

“Bu gərginlik təkcə iki ölkənin təhlükəsizliyinə deyil, həm də regionun sabitliyinə təsir göstərir. Sərhəd bir vaxtlar narkotik ticarətinin əsas mərkəzlərindən biri olub. Bunun təkrarlanmamasını təmin etmək üçün sərhəd təhlükəsizliyi təmin edilməlidir. Eyni zamanda, gərginlik miqrant axınına səbəb ola bilər. Buna görə də məsələnin həlli xüsusi əhəmiyyət daşıyır”.

 

Xanım Ağamalıyeva