İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə hansı laborator müayinələr daxildir?

Tarix: 23:07 29.12.2024
İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara müxtəlif tibbi xidmətlər, həmçinin müayinələr ödənişsiz təqdim olunur. Bu müayinələr vasitəsilə xəstəliklərin dəqiq diaqnozu qoyulur, orqanların funksional vəziyyəti və daxili qiymətləndirilir, fiziki və kimyəvi proseslər müəyyən olunur.
Bəs müayinələrdən yararlanmaq üçün hansı tələblər var?
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “İnformator.az”a bildirib ki, sığortaolunan yaşadığı və ya qeydiyyatda olduğu ərazidən asılı olmayaraq ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş vərəqəsi olmadan, TƏBİB-in tabeliyində olan istənilən tibb müəssisəsinə və Səhiyyə Nazirliyinin tabeliyindəki 9 elmi-tədqiqat institutuna müraciət edə bilər:
“ Poliklinika və ailə sağlamlıq mərkəzlərində tibbi xidmət üçün isə vətəndaş qeydiyyat ünvanı üzrə müraciət etməlidir. Dövlət tibb müəssisələrində stasionar şəraitdə göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsinin verilməsi tələb olunur. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadıqda vətəndaşa Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrindən birinə göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Bu halda müvafiq tibbi xidmətin dəyərini müqaviləli tibb müəssisəsinə Agentlik ödəyir. Göndəriş vərəqəsinin müddəti 10 iş günüdür. Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsinin göndəriş vərəqəsini almadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir. Sığortaolunanlara təcili və təxirəsalınmaz hallar istisna olmaqla, tibbi xidmət gözləmə müddəti ərzində həyata keçirilir”.
İcbari Tibbi Sığorta üzrə Agentliyindən aldığımız məlumata görə, İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə 3315 tibbi xidmət təminata alınıb:
“Bu xidmətlərdən 931-i laboratoriya xidmətlərinə aiddir. Bura qanın ümumi və biokimyəvi analizi, sidik analizi, Hepatit B, Hepatit C, sifilis və s. kimi infeksion xəstləliklərin təyini analizləri, allerqoloji analizlər, hamiləlik dövründə lazım olan analizlər və s. kimi digər xidmətlər daxildir. Vətəndaş tibbi göstəriş olduğu halda göndəriş əsasında sözügedən laborator xidmətlərdən ödənişsiz yararlana bilər. Dövlət proqramları və qanunları çərçivəsində müalicə və müayinəsi aparılan tibbi xidmətlər, kosmetik prosedurlar və plastik cərrahiyyə, stomatoloji tibbi xidmət, süni mayalanma və s. kimi tibbi xidmətlər icbari tibbi sığorta ilə qarşılanmır”.
Nərmin Həşimova