Karyera, Ailə və Cəmiyyət Arasında Balans
Bölmə: Sosial › ,Tarix: 20:03 22.01.2025
Müasir Azərbaycan qadını artıq ənənəvi rollarla yanaşı, özünü müxtəlif sahələrdə – təhsil, biznes, siyasət və elm kimi sahələrdə sübut edir. Lakin bu inkişaf prosesi qadınların qarşısında bir sıra çağırışlar yaradır. Karyera qurmaq, ailə həyatını idarə etmək və cəmiyyətin gözləntilərinə cavab vermək bir çox qadın üçün çətinlik yaradan balans tələb edir.
Bu barədə şüuraltı üzrə mütəxəssis, şəxsi inkişaf üzrə kouç, beynəlxalq dərəcəli təlimçi İlahə Adil "informator.az"a açıqlamasında danışıb.
O bildirib ki, hazırda Azərbaycanda qadınlar həm karyera qurur, həm də ailə daxili yükləri daşımağa çalışırlar:
"Hazırkı dövrdə Azərbaycan cəmiyyətində qadınlar həm ailədə, həm də karyerada böyük məsuliyyətlər daşıyırlar. Bu gün qadınlar yeni dövrün tələblərinə uyğun olaraq bərabər hüquqluluğu seçir, öz əməyimizlə pul qazanmağa üstünlük veririk. Bu yanaşma Azərbaycan milli dəyərlərinə uyğun qadın simvolunu dəstəkləyir. Yəni, qadınlar karyera qurmağı bacarır, eyni zamanda ailə yüklərini də daşımağa çalışırlar.
Bu inkişafla yanaşı, qadınlar arasında yorğunluq, depressiya və digər psixoloji problemlər artıb. Müasir Azərbaycan qadını keçmişdən fərqli olaraq daha məsuliyyətli vəzifələrdə çalışır. Əvvəllər ailə qurmaq qadının əsas missiyası hesab olunurdusa, son 30 ildə qadınlar şəxsiyyət olaraq yetişdirilir, onların təhsili və inkişafı ön plana çəkilir. Bu, valideynlərin “ilk olaraq övladıma təhsil verim, daha sonra ailə məsələlərinə baxaq” düşüncəsi ilə əlaqədardır".
Müsahibimiz cəmiyyətdə qadınların karyera inkişafına olan dəstəkdən və bu istiqamətdə əsas çətinliklərdən danışıb:
"Azərbaycan reallığında qadınlara olan hörmət və dəyər yüksək səviyyədədir. Əməkhaqqı baxımından qadınlarla kişilər arasında fərqin olmaması, cəmiyyətin qadınların karyera qurmasını dəstəkləməsi müsbət dəyişikliklərdir. Həmçinin, cəmiyyətdə özəl məktəblər, bağçalar və dayə xidmətlərinin mövcudluğu qadınların iş həyatına daha rahat inteqrasiyasını təmin edir.
Bununla belə, əsas çətinlik ailədaxili vəzifələrin bölüşdürülməməsindən qaynaqlanır. Qadınlar işdən sonra evə qayıdaraq ev işlərini görməyə davam edirlər. Bu, onların həm fiziki, həm də psixoloji olaraq yüklənməsinə səbəb olur. Keçmişdə kişilər əsasən maddi məsuliyyət daşıyırdı, qadınlar isə ev işlərini idarə edirdi. İndi isə qadınlar həm işləyir, həm də ev işlərini öz üzərlərinə götürürlər".
Mütəxəssis həll yolarından da söhbət açıb:
"Problemin həlli üçün kişilər arasında yeni davranış modellərinin təbliği vacibdir. İnkişaf etmiş ölkələrdə ev işlərinin tərəflər arasında bərabər bölünməsi ailə daxili balansı təmin edir. Qadınlar maddi yükü kişilərlə paylaşırsa, kişilər də məişət işlərini bölüşə bilərlər. Bu yanaşma milli dəyərlərə zərər vermir, əksinə, ailədaxili harmoniya yaradır.
Bir sözlə, qadınların karyera yolunda irəliləməsi üçün ailə daxilində dəstək mexanizmlərinin qurulması mühüm əhəmiyyət daşıyır. Cəmiyyət bu baxımdan kifayət qədər dəstək verir, lakin ailə daxilində dəyişikliklərin təşviqi daha böyük dəyişikliklərə yol açacaq".
Nuray Qurbanlı