Stresdən qorunmağın yolu: Sağlam həyat tərzi, düzgün qidalanma və doğru vərdişlər

Bölmə: Sosial › ,
Tarix: 19:06 06.02.2025

 

Bugünkü cəmiyyətdə qidalanma təkcə bədən sağlamlığı üçün deyil, həm də emosional vəziyyətimiz üçün mühüm rol oynayır. İnsanlar stressli anlarda rahatlıq tapmaq üçün qidaya müraciət edir və ya əksinə, iştahlarını itirir. Qidalanma vərdişlərimiz duyğularımıza təsir etdiyi kimi, emosiyalarımız da yediklərimizə yön verir. Bu balansı qorumaq sağlam həyat tərzi üçün vacibdir.

 

Bu barədə tanınmış həkim-dietoloq,diet kitablar müəllifi Leyla Zülfüqarlı "informator.az"a açıqlamasında danışıb.

 

O bildirib ki, stresə səbəb olan həyat tərzinin keyfiyyətidir ki, düzgün qidalanma burada vacibdir:

 

"Stresə səbəb olan əsas amillərdən biri həyat tərzimizin keyfiyyətli olmamasıdır. Eyni zamanda, stresdən çıxmaq üçün həyat tərzimizi keyfiyyətli istiqamətdə davam etdirmək mühümdür. Burada düzgün qidalanma əsas rol oynayır. Xüsusilə tərkibində triptofan amin turşusu olan qidalara üstünlük verilməlidir. Triptofan daha çox balıqda, bitki mənşəli zülallarda , qırmızı lobyada, mərcimikdə,yumurta sarısında və s. mövcuddur.

Ancaq streslə mübarizədə yalnız qidalanma deyil, digər amillər də böyük əhəmiyyət daşıyır. Məsələn, düzgün yuxu rejimi melotoninin normada olmasına yardım edir. Həmçinin, yaşadığımız mühit də təsirli amillərdən biridir. Artıq həyət evlərinin azalması, meqapolis həyat tərzinin içərisində yaşamaq kimi hallar toksinlərin və stress yükünün artmasına səbəb olur. Çünki toksinlərin çoxluğu orqanizmdə sərbəst radikalların artmasına səbəb olur ki buda öz növbəsində orqanizmdə bu maddələrlə mübarizə aparan antioksidantların daha böyük dozada orqanizmə daxil etməyə tələbat yaradır . Keyfiyyətsiz qidalarla isə antioksidantların sayı azalır, bu isə bizi həm stresdən qorumağa, həm də virus və infeksiyalara qarşı davamlı olmağa yetərli olmur".

 

Müsahib bunun üçün xüsusi həyat tərzini formalaşdırmağın vacibliyini də vurğulayıb:

 

"Buna görə də xüsusi həyat tərzini formalaşdırmaq vacibdir. İnsanlara tövsiyə edilir ki, gecə saat 12-dən gec olmayaraq yatmaq, gün ərzində balanslı qidalanmaq, qazlı içkilər və tərkibi məlum olmayan qida və içkilərdən uzaq durmaq kimi qaydalara əməl etsinlər".

 

Nuray Qurbanlı