“Zelenskinin bu fikirləri ABŞ-ni ittiham xarakteri daşıyır”-POLİTOLOQDAN ŞƏRH
.jpg)
Tarix: 16:26 07.02.2025
"ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həlli ilə bağlı hələlik rəsmi planı yoxdur”.
Bunu Ukrayna lideri Volodimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən deyib.
Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, analitik Əli Zülfüqaroğlu "informator.az"a açıqlamasında bildirib ki, ABŞ-nin Ukrayna planının nədən ibarət olması ABŞ ilə Rusiya arasındakı danışıq prosesinin gedişində məlum olacaq:
“Zelenskinin bu fikirləri ABŞ-ni ittiham xarakteri daşıyır. Yəni indiki hökümətin Bayden administrasiyasından fərqli olaraq Ukraynaya dəstəyin azaldılması istiqamətində fikirlər səsləndirməsindən Zelenskinin narahat olması müşahidə olunur. Zelenskinin hakimiyyətdə qalması çətinləşəcək. Ona görə də Zelenskinin bu fikirləri səsləndirməsi təbiidir.
ABŞ ilə Rusiya arasında altqatlarda danışıqların aparılması mümkündür. İstər Rusiya, istər ABŞ bununla bağlı mətbuata məlumatlar sızdırır. Amma ABŞ ilə Rusiya arasındakı münasibətlərin normal olması Tramp hökümətinin də marağındadır. Çünki istər dünyada, istər ABŞ daxilində Trampa qarşı olan ideoloji müstəvidə hücumların neytrallaşdırılması üçün Trampın bir sıra dövlətlərin və liderlərin dəstəyinə ehtiyacı var.
Əgər Tramp istəsə, Ukraynaya yardımın sürətlə kəsilməsinə nail ola bilər. Bu isə o deməkdir ki, Ukrayna təslimçi sülhə gedəcək. Bu isə Trampı qınaq obyektinə çevirə bilər. Ona görə də Tramp Rusiyanı daha çox kompromisə məcbur etməyə çalışır. Bunun üçün isə zəif Rusiya lazımdır. Bunun ilk siqnallarını Tramp inaqurasiya mərasimində verdi. Bildirdi ki, ABŞ neft istehsalını artıracaq. Həmçinin xarici enerji satacaq. Bu, ilk növbədə seçki öncəsi verdiyi vədlərin həyata keçirməsi üçün zəmin yaradacaq. Yəni ölkədə enerji daşıyıcılarının qiymətinin enməsi və iqtisadi sahəyə müəyyən stimul verilməsi üçün bu addım vacibdir.
Tramp Səudiyyə Ərəbistanını da məcbur edəcək ki, neftin istehsalını artırsın. Səudiyyə Ərəbistanı da bu qərarı versə, neftin qiyməti kəskin şəkildə aşağı düşəcək. Bundan sonra Rusiyanın iqtisadi durumu zəifləyəcək. Çünki Rusiyanın əsas gəliri neft və qaz ixracatı ilə bağlıdır. Ona görə də Rusiyaya da müharibəni davam etdirmək maraqlı olmayacaq”.
Politoloqun sözlərinə görə, ABŞ Rusiyanı kompromisə məcbur edə bilər və bu, zaman alacaq:
"Bu müddətdə Zelenski hakimiyyətlə vidalaşmalı olacaq. Bu, Trampa da lazımdır. Putin Zelenskini legetim prezident kimi tanımadığını və onunla danışıqlar aparmayacağını bildirib. Zelenskinin hakimiyyətdə qalması Tramp hökümətinə də sərf etmir.
Ümumiyyətlə Rusiya-Ukrayna arasında sülh zaman alacaq. Bu, zaman kəsiyində də gəlinən nəticələrdən asılı olaraq, sülh müqaviləsi imzalana bilər. Zelenskini Qərbdə ciddiyə alan dövlə yoxdur. Onun nüvə silahı ilə bağlı çağrışları heç bir əhəmiyyətə malik deyil. Bunun reallaşacağı qeyri-mümkündür. Çünki Ukrayna vaxtı ilə nüvə silahına sahib olan ölkələrdən idi. Onun nüvə silahı olmayan dövlətə çevrilməsində ABŞ başlıca rol oynadı. Bu müharibədə Rusiya və ABŞ qazanan tərəfdir”.
Kəmalə Vəliyeva