Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi davam edir

Tarix: 17:30 07.02.2025
Erməni politoloqlar ‘’qızıl üçbucaq’’ adlanan hissənin Azərbaycanın nəzarətinə keçəcəyini bildirir. Bunun qarşılığında isə Paşinyanın Başkənd məsələsini qaldıracağını düşünürlər. Digər tərəfdən Paşinyan Azərbaycana kommunikasiyaların açılmasına dair təklif göndərdiyini və bu təklifə Azərbaycandan müsbət cavab gözlədiyini bildirib.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov ‘’informator.az’’a açılamasında bildirib ki, bu məsələlər hamısı delimitasiya-demarkasiya prosesinin gedişində öz həllini tapmalıdır və Azərbaycanın qəti mövqeyi var:
"Erməni politoloqlar bir çox terminlərdən real yox, özlərinin düşündükləri və daxili, siyasi mübarizə üçün istifadə edirlər. ‘’Qızıl üçbucaq’’ dedikləri ərazi çox güman ki Qazaxın 3 kəndi ilə bağlı olan məsələdir və onlar hesab edirlər ki, bu kəndlər Azərbaycana qaytarılacaqsa, o zaman Ermənistan həm Gürcüstana gedən yol, eyni zamanda, Ermənistanı qazla təmin edən boru kəməri Azərbaycanın nəzarətinə keçə bilər və bu da Ermənistanın təhlükəsizliyi üçün ciddi problemlər yarada bilər. Bu onların versiyalarıdır. Təbii ki Azərbaycan Ermənistanla normal qonşuluq münasibətlərinə malik olmaq istəyir. Ermənistanda bunu istəyəcəksə, Azərbaycan həmin məsələlərdən Ermənistana qarşı təzyiq vasitəsi kimi istifadə etməyəcək".
Politoloq qeyd edib ki, Ermənistan bugünkü davranışlarını davam etdirərsə, Azərbaycanın müvafiq cavabları olacaq:
"Hazırda işğal altında qalan 4 kəndin- Qazaxda olan 3 kənd, digəri isə Kərki kəndinin qaytarılması Azərbaycanın tələbidir. Ermənistanda bunu yerinə yetirməyə borcludur və məcburdur. Başkənd məsələsinə gəldikdə isə təbii ki Ermənistan tərəfindən bu fikirlər səsləndirilir. Amma Başkəndin Ermənistana nə vaxt, hansı şərtlərlə və qanuni əsaslarla verilməsi Ermənistan üçün uyğun vəziyyət yaratmır. Ən azı o baxımdan ki, bu ərazi Ermənistana zamanında qeyri-qanuni şəkildə verilib, Ermənistanda 1990-cı illərdə savaş zamanı bu əraziləri təhdid altında saxlayıb. Təbii ki bu məsələlər hamısı delimitasiya-demarkasiya prosesinin gedişində öz həllini tapmalıdır və Azərbaycanında qəti mövqeyi var. Delimitasiya-demarkasiya prosesi mürəkkəb və uzunmüddətli proses olduğundan, xeyli zaman alacaq. Bununda bütün proseslərin gedişindən asılı olacağını düşünürəm. Ermənistanın əsas istəkləri ondan ibarətdir ki, delimitasiya-demarkasiya prosesi ‘’Alma-Ata’’ bəyənnaməsinə uyğun aparılsın. Amma Azərbaycan təbii ki burada müxtəlif metodlarım tətbiq olunmasını istəyir. Bununla bağlı mövqeyimizdə bəllidir".
Günel Verdiyeva