Gülümsəyən üzlərin arxasındakı fırtına-Depressiyanın gizli üzü

Bölmə: Sosial › ,
Tarix: 20:49 18.02.2025

Depressiya—uzun müddət davam edən kədər, ümidsizlik və maraq itkisi ilə xarakterizə olunan psixi pozğunluqdur. Bu vəziyyət insanın gündəlik həyatına, iş fəaliyyətinə, sosial münasibətlərinə və ümumi sağlamlığına mənfi təsir göstərir.

 

Mövzu ilə bağlı psixoloq Gülşən Rüstəmova "informator.az"a açıqlamasında bildirib ki, son zamanlar "Depressiyadayam" ifadəsi dilimizin əzbərinə çevrilib:

 

"İnsanlar kədərləndikdə, məyus olduqda ,işləri düz gətirmədikdə özlərinin depressiyada olduğunu düşünürlər. Depressiya daim kədərli vəziyyətə düşməyə və müsbət hisslərdən həzz almamağa səbəb olur. Depressiya diaqnozu qoymazdan əvvəl vəziyyəti incələyib bir çox amillərə toxunmaq lazımdır. Depressiya psixiatriyada dəqiq müəyyən edilən və təsnif edilən bir xəstəlikdir. Diaqnoz xəstədən alınan dəqiq hekayə ilə qoyulur.  Ümumiyyətlə, insanın həyatında fərqli emosiyaların yaşanması, həyatında baş verən dəyişikliklərə qarşı olan münasibəti həmin şəxsdə hadisələrə qarşı müdafiə mexanizmlərini hazırlayır. Depressiya birdən- birə baş verən proses deyil. Depressiya halı uzun müddət ərzində başa gələn bir psixoloji prosesdir. Hər bir fərdin yaşadığı hadisələrə olan münasibətinin, dözümünün fərqliliyi bu prossesə təsir edir".

 

Psixoloqun sözlərinə görə, depressiyanın tək bir səbəbi yoxdur: 

 

"Psixoloji, bioloji və sosial amillərin hər biri depressiyaya səbəb ola bilər. Bir şəxsə depressiya diaqnozunun qoyulması üçün əvvəlcədən psixiatrlar və yaxud kliniki psixoloqlar bir sıra müşahidələr aparırlar. Depressiv pozuntunun müalicəsi zamanı istifadə olunan müalicə metoduna psixiatr qərar verir.  Bəzən bir insanın depressiyada olub-olmamasını təyin etmək üçün həftələrlə onu müşahidə etməli olurlar. Depressiyadan çıxış yolu o qədər də asan başa gəlmir. İlk olaraq insanın yaşadığı problemlər , ailə münasibəti , qarşılaşdığı çətinliklər müəyyən edilməlidir".

 

Məryəm Zaliyeva