Xərçəngin müalicəsi inkişaf edir

Tarix: 21:50 18.02.2025
Xərçəngdən qorunmaq üçün insanlar sağlam həyat tərzi keçirməli, düzgün qidalanmalı, aktiv həyat sürməli və stresdən uzaq olmalıdırlar. Xəstəliyin müalicəsi günbəgün inkişaf edir və ənənəvi metodlarla müqayisədə daha effektiv və qısa müddətli üsullara üstünlük verilir.
Mövzu ilə bağıı Şuşa RMX PHŞ həkim-onkoloq Vəliyeva Ulduz “informator.az”a açıqlamasında bildirib ki, xərçəngin öhdəsindən gəlmək üçün ilk növbədə qidalanmaya diqqət etmək lazımdır:
“Xəstəliyin müalicəsi günü-gündən təkmilləşir, artıq cərrahi əməliyyata ehtiyac azalır. Əvvəllər əsasən cərrahi üsul və şüaterapiyadan istifadə olunurdu. Hazırda isə daha effektiv, eyni zamanda daha qısa müddət tələb edən müalicə üsulları tətbiq edilir. Əvvəllər xərçəngin müalicəsi 6 həftəyə qədər vaxt aparırdısa, indi bu proses 5-6 gün ərzində həyata keçirilə bilir. Bu, xəstəyə minimal zərbə vuraraq daha effektiv və qısa müddətli müalicə aparmağa imkan yaradır. Kimyaterapiya və şüaterapiyanın əsas çatışmazlığı sağlam hüceyrələrə də zərər verməsidir. Lakin müasir üsullar yalnız xərçəng hüceyrələrinə təsir edir. Artıq müalicə birbaşa bədxassəli şişin özünə yönəlir. Əvvəllər isə ətraf toxumalara da ziyan dəyirdi. Digər bir müalicə üsulu immun sistemdən istifadə olunaraq xəstə hüceyrələrin məhv edilməsidir. Həmçinin genetik tərkibi müəyyən edərək, yalnız xərçəng hüceyrələrini məhv etməyə yönələn dərman metodları üzərində işlər aparılır”.
Onkoloq xəstələrin çox vaxt gec mərhələlərdə həkimə müraciət etdiyini bildirir:
“Xərçəngin erkən mərhələdə aşkarlanması çox önəmlidir. Təəssüf ki, xəstələr çox vaxt gec mərhələdə həkimə müraciət edirlər. İlkin diaqnozu qoymaq çətin və problemli məsələdir. İnsanlar heç olmasa 6 aydan bir müayinədən keçsələr, xəstəlik erkən mərhələdə aşkar olunar və daha effektiv müalicə mümkün olar. Bəzən xəstəlik təsadüf nəticəsində erkən aşkar olunur, bu zaman müalicə daha uğurlu və qısa müddətli olur. Hər hüceyrənin, xərçəngin yerləşdiyi orqandan asılı olaraq, özünəməxsus müayinə və müalicə metodu var. Erkən diaqnoz qoyularsa, müalicə daha rahat aparılar və həyati təhlükə uzaqlaşar. Xərçəngin müalicəsi, əlbəttə ki, tam mümkündür, lakin bunun üçün diaqnoz vaxtında qoyulmalıdır”.
Asiya Zeynallı