Düzgün ünsiyyət qura bilməmək münasibətlərdə xaosa səbəb olur

Tarix: 22:00 21.02.2025
Ünsiyyət insanın sosial həyatında mühüm rol oynayır. Doğru ünsiyyət insanı rahatladırsa, yanlış ünsiyyət ciddi problemlərə yol aça bilər.
Psixoloq Nizami Orucov “informator.az”a açıqlamasında sağlam ünsiyyətin əsas prinsiplərindən, sosial medianın təsirindən və manipulyativ ünsiyyətdən danışıb:
“Ünsiyyət, nitq, hiss və düşüncələrimizi dilə gətirə bilmək bacarığı sadəcə biz insanlara məxsus xüsusiyyətdir. Bu özəllik, bu nemət doğru istifadə edildikdə insana rahatlıq gətirər, əks halda həyatını çətinləşdirə bilər. Elə situasiyalar da ola bilər ki, doğru söz yanlış üslubla deyildiyi üçün problem yaradar. Ya da dəqiq danışmamaq, əksi çox danışmaq, yersiz danışmaq, jest/mimikalardan doğru istifadə edə bilməmək və s. Bunlar hamısı ünsiyyət prosesinin hissləridir və istifadə qaydasına görə bizi fərqli situasiyalara sala bilər. İnsanların çoxunun münasibətlərindəki xaosun başlıca səbəbi düzgün ünsiyyət qura bilməməsidir. Dinləməmək, haqlı çıxmaq üçün ünsiyyət qurmaq, qırıcı və kobud ifadələrdən istifadə etmək sağlam olmayan ünsiyyətdən xəbər verir. Qarşımızdakı kiçik də olsa, böyük də olsa, şəxsiyyət kimi yanaşaraq ünsiyyəti apara bilmək vacibdir. Günümüzdə bir çox insan ünsiyyət prosesində eqo və haqlı çıxmağı əsas məqsəd olaraq müəyyənləşdirdiyi üçün, bir-birinin şəxsiyyət olaraq da ünsiyyətdə iştirak etdiyini unudur”.
Nizami Orucov sosial medianın ünsiyyəti barədə də danışıb:
“Sosial mediada ünsiyyət bəzən reallıqdan uzaq ola bilir. Həyatı mükəmməl göstərməyə meyillilik, emosionallığa və gözə xitab edən ünsiyyətlər hazırda sosial mediada üstünlük təşkil edir. Ən vulqar danışan, ən xarici ifadələrdən istifadə edən, qırıcı danışan, sərt və qəddar olanlar ən yaxşısı olaraq bilinirlər. Ünsiyyət qarşılıqlı anlayış, istəklərə xitab etməlidir. Sosial mediada isə ünsiyyətdə tək tərəf daha çox üstünlük təşkil edir və təsir gücünə daha çox malikdir. Məsələn, influencerlərin paylaşımları və izləyiciləri ilə kontaktları. Bu kimi seçimlər insanları dünyanın sadəcə sosial mediada gördükləri kimi olduğuna inandırır və ünsiyyətlər getdikcə keyfiyyətsizləşir”.
Manipulyativ ünsiyyəti necə tanımaq olar?
“Ünsiyyət zamanı qorxur, narahat hiss edir və nəyinsə düzgün olmadığını hiss edirsinizsə, bu manipulyasiyadır. Ancaq bunu o an sübut edə bilməzsiniz. Qarşısındakını manipulyasiya etməyə çalışan insanların əsl məqsədi digər insanları idarə etməkdir. Manipulyator, insanlarla bir dialoq qurmaq əvəzinə ya zülmkar, ya da qurban roluna girər və duyğu hücumuna keçər. Sizin üzərinizdə manipulyasiya etmək istəyən şəxs vəzifəcə sizdən üstündürsə, zülmkar, sizdən vəzifəcə aşağıdırsa, qurban rolunu oynamağa çalışacaq. Və xüsusilə ortada qırıcı bir situasiya varsa və siz hisslərinizi ifadə etməyə, bir şeylərin doğru olmadığını bildirməyə çalışarkən, partnyorunuz ünsiyyəti sizin etirazınızın yanlış olmasına yönləndirirsə, reaksiyanız mövzu olursa, bu, manipulyasiya olunduğunuzu göstərir”.
Asiya Zeynallı