Azərbaycanda inzibati rayonlaşma dəyişir?-Ekspert yeni idarəetmə modelindən danışdı

Bölmə: Sosial › ,
Tarix: 11:02 24.02.2025

Azərbaycanda ərazi inzibati quruluşunun yenidən formalaşdırılmasına ehtiyac var.


Bu fikirləri “İnformator.az”a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib. Ekspertin sözlərinə görə, problemin yeganə həll yolu kiçik kəndlərin birləşdirilməsindən ibarət olmamalıdır:
“Azərbaycanda mövcud şəraitə uyğun olaraq rayonların da birləşdirilməsinə ehtiyac var. Hazırda mövcud olan inzibati rayonlaşdırma sistemi SSRİ dönəminin planlarına uyğun şəkildə formalaşıb”.


Ekspert bildirir ki, müasir dövrə əsasən yeni idarəetmə sistemi formalaşmalıdır:
“Yeni dövrə əsasən inzibati rayonlaşdırmanın iqtisadiyyatın hazırki vəziyyətinə uyğun olaraq yenidən qurulmasına ehtiyac var. Bu proses həm inzibati idarəetmə ilə bağlı xərci azaldacaq, həm də iqtisadi proseslərə müsbət təsir göstərəcək”.


X.Kərimli sonda dövlət başçısının çıxışına əsasən mövcud istiqamətdə müəyyən islahatların reallaşması ehtimalını da əlavə edib:
“Ölkə prezidentinin də yeni ərazi idarəetmə formalarının test edilməsi ilə bağlı çıxışları mövcuddur. İnzibati quruluşa yenidən baxılması istiqamətində müəyyən islahatların həyata keçilməsi gözlənilir. Həmçinin Prezidentin ərazilər üzrə nümayəndəliklərinin də təyin olunması buna əsasdır”, - deyə ekspert yekunlaşdırıb.


Elşad Gözəlov