Təhlükəli qida məhsulları -necə qorunmalı?

Bölmə: Sosial › ,
Tarix: 19:35 26.02.2025

Qida məhsullarının, xüsusilə ət məhsullarının çirklənməsi onların təhlükəsizliyini birbaşa şərtləndirir.


Bu fikirləri “İnformator.az”a açıqlamasında qida üzrə mütəxəssis Elsevər Fərzəliyev bildirib. Onun sözlərinə görə, çirklənmə müxtəlif formalarda baş verə bilər:
“Ət xammalı və ya hazır ət məhsulları kimyəvi, bioloji və fiziki çirklənməyə məruz qala bilər. Ən çox təhlükə yaradan çirklənmə növləri mikrobioloji və kimyəvi çirklənmələrdir”.


Ekspert bildirir ki, bu növ çirklənmə məhsulun qida olaraq istifadəsinə icazə vermir:
“Fiziki çirklənmə isə o qədər də təhlükəli sayılmır. Qida məhsullarının təhlükəsizliyini təmin etmək üçün ət xammalını bioloji və kimyəvi çirklənmədən qorumaq vacibdir”.


E.Fərzəliyev qeyd edir ki, bu, məhsulun keyfiyyətinin və təhlükəsizliyinin qorunmasına kömək edir:
“Təhlükəli qida məhsulları ilə qidalanmaq insan orqanizminə ziyan vura bilər. Bu problemlərin qarşısını almaq üçün məhsulların tarladan süfrəyə qədər hər mərhələsində diqqətli olmaq lazımdır”.


Mütəxəssis sonda əlavə edir ki, xammal, hazır məhsullar və yarımfabrikatlar uyğun temperaturda saxlanmalı və düzgün emal edilməlidir:
“Beləliklə, çirklənmənin qarşısı alınaraq məhsulların insan orqanizminə zərər verməsi ehtimalı azalır”, - deyə o, yekunlaşdırıb.


Şəhla Ağazadə