Bakıda və bölgələrdə şagird sıxlığı-təhsilə təhlükə yaranır...

Tarix: 19:39 26.02.2025
Hazırda paytaxt Bakı da daxil olmaqla, bölgələrin əksəriyyətində şagird sıxlığı ciddi şəkildə müşahidə edilir.
Bu fikirləri “İnformator.az”a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib. Onun sözlərinə görə, Azərbaycanda 4,432 tam orta təhsil məktəbində 1,6 milyon şagird təhsil alır və bu şagirdlərin 480,000-i paytaxt Bakıdadır:
“Bundan sonra ən çox şagird sıxlığını Abşeron rayonu ərazisində müşahidə edirik. Bir çox hallarda biz süni artımın da müşahidə edildiyini görürük. Son illərdə bölgələrdən Bakıya sürətli miqrasiya prosesi baş verir. Bu zaman valideynlər, əksər hallarda, qeydiyyatdan keçmədən, daimi olaraq Bakı ərazisində yaşamağa başlayırlar. Nəticədə, onlar uşaqlarını yaşadıqları əraziyə daha yaxın olan təhsil müəssisələrinə göndərirlər”.
Ekspert həmçinin, Nazirlər Kabineti tərəfindən şagird sıxlığı ilə bağlı tətbiq edilən məhdudiyyətləri də qeyd edib:
“2011-ci ildə qəbul olunan “Ümumtəhsil haqqında qərar” və Nazirlər Kabinetinin 171 saylı qərarına əsasən, şagird sıxlığına məhdudiyyətlər qoyulub. Heç bir halda siniflərdə şagird sayı 28-30 nəfəri keçməməlidir. Qəbul elektron qaydada həyata keçirilir və sinifdə şagird sayı 20-25 nəfər olduqda sistem bağlanır”.
K.Əsədovun sözlərinə görə, şagird sayının çoxluğu təhsilin keyfiyyətinə mənfi təsir göstərir:
“Əminliklə deyə bilərəm ki, şagird sayı nə qədər çox olsa, tədrisin keyfiyyətinə də bir o qədər mənfi təsir göstərir”.
Ekspertin fikrincə, qanunvericiliyə əsasən, sinfə praktiki olaraq 25 nəfərdən çox şagirdin toplanması tövsiyə edilmir:
“Bizdə müəllim-şagird münasibəti dünya standartlarından aşağıdır. Şagird sıxlığını azaltmaq üçün köhnə məktəb binalarının yerində 3-4 mərtəbəli yeni məktəblər inşa etmək lazımdır. Ümid edirəm ki, bu tədbirlər sayəsində şagird sıxlığını aradan qaldıra biləcəyik”, - deyə ekspert yekunlaşdırıb.
Əli Quliyev