Bölgələrdə aptek çatışmazlığının səbəbləri nələrdir?

Tarix: 19:48 26.02.2025
Aptek, dərman və digər tibbi məhsulların satıldığı ticarət müəssisəsidir. Apteklərin əsas funksiyası insanların sağlamlığını qorumaq və müalicə etmək üçün lazım olan dərmanları təmin etməkdir.
Apteklər bu gün kommersiya müəssisələri kimi fəaliyyət göstərir və onların mövcudluqları əsasən alıcılıq qabiliyyətinə bağlıdır. Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla "informator.az"a bildirib ki, kənd yerlərində apteklərin olmamasının səbəbi də məhz bu amildir:
"Belə ki, apteklər, gəlirlərini təmin etmək üçün maaş, vergi və digər kommunal xərcləri ödəməlidirlər. Gəlir isə alıcılıq qabiliyyəti ilə müəyyənləşir. Kənd ərazilərində apteklərin azlığı da bu səbəbdən yaranır, çünki bu ərazilərdə alıcılıq qabiliyyəti çox aşağı ola bilər və nəticədə aptek biznesi iflasa uğrayar.
Lakin, əgər apteklər icbari tibbi sığorta sisteminə daxil olsalar, satış məqsədi ilə fəaliyyət göstərməyə bu qədər ehtiyacları qalmayacaq. İcbari tibbi sığorta paketinin tətbiqi apteklər üçün gəlir mənbəyi təmin edəcək və bu sistem apteklərin fəaliyyətini bütün bölgələrdə, hətta ən ucqar kəndlərdə belə mümkün edəcək. Bu zaman apteklərin mövcudluğu və satışlarının intensivliyi artıq önəmli olmayacaq, çünki icbari tibbi sığorta apteklərə stabil gəlir və müştəri təmin edəcək".
Buna görə də apteklərin fəaliyyətini davam etdirə bilməsi və genişlənməsi üçün icbari tibbi sığorta sisteminə daxil olmaları vacibdir. Bu addım yalnız apteklərin iqtisadi fəaliyyətini dəstəkləməyəcək, eyni zamanda cəmiyyətin sağlamlıq xidmətlərinə daha asan və əlçatan olmasına imkan verəcək.
Çinarə Tarverdiyeva