Məktəblərdə islahatların vacibliyi

Bölmə: Sosial › ,
Tarix: 21:55 18.03.2025

Son illər məktəblərdə baş verən özbaşınalıqlar, şagirdlər arasında artan zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq yaradıb. Bəzən bu kimi problemlər yalnız bir tərəfin günahı olaraq görülür, halbuki hər birimiz bu məsələdə məsuliyyət daşıyırıq.

 

Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu "informator.az"a açıqlamasında bildirib ki, burada hər kəs günahkardır:

 

"Daxili İşlər Nazirliyi (DİN) məsələ ilə bağlı araşdırma apardıqdan sonra məsələyə aydınlıq gətirəcək. Ümumiyyətlə, bu cür hallara tez-tez rast gəlinir, amma son vaxtlar bu halların artdığı müşahidə olunur. Düşünürəm ki, burada hər kəs günahkardır. Tərbiyə sistemi və tədris sistemi düzgün qurulmayıb. Valideyn, müəllim, şagird, cəmiyyət, hətta jurnalistlər də günahkardır, çünki biz daha yaxşı nümunələri təbliğ etmirik. Məsələni birtərəfli görürük. Ekspertlər təhsil sistemini, təhsil sistemi isə valideyni qınayır. Əslində isə belə olmamalıdır, çünki hər birimiz məsuliyyət daşıyırıq. Düşünürəm ki, təhsil sistemində bu sahədə ciddi islahatlara ehtiyac var. Əgər bu kimi hallarla rastlaşırıqsa, deməli, islahatlar düzgün qurulmayıb. İslahatlar gözəldir, sadəcə həyata keçirmə mexanizmində problemlər var.

Məktəblərdəki özbaşınalıq hallarının artmasının əsas səbəbi isə nəzarətsizlik, tərbiyə sisteminin düzgün qurulmaması, hədəflərin düzgün müəyyənləşdirilməməsi, uşaqlar arasında ayrı-seçkilik və dövlətin verdiyi islahatların vaxtında icra olunmamasıdır. Məktəblərdəki təhsil sistemi bu cür problemlərin həlli üçün müsbət rol oynaya bilər, amma biz bunu müşahidə etmirik".

 

Müsahibimizin sözlərinə görə, "Elm və Təhsil Nazirliyi bu sahədə hansı tədbirləri görməlidir?" sualına gəldikdə isə islahatlar ciddiləşməli, nəzarət mexanizmi daha geniş olmalı və kadr seçimində xətalara yol verilməməlidir:

 

"Bu kimi tədbirlər özünü yalnız sənəd üzərində deyil, real həyatda da doğrultmalıdır. Son olaraq, təhsil sistemindəki bu problemlər islahatlarla həll oluna bilər. Lakin bu islahatlar yalnız nəzəriyyə ilə qalmamalı, real həyata tətbiq edilməlidir. Elm və Təhsil Nazirliyi, həmçinin digər müvafiq qurumlar bu məsələyə ciddi yanaşmalı, məktəblərdəki özbaşınalıq hallarının qarşısını almaq üçün hərtərəfli tədbirlər görməlidir. Hamımızın bu məsələdə rolu var və yalnız birlikdə hərəkət edərək, gələcək nəsillərin sağlam təhsil almasını təmin edə bilərik".

 

Aytən Ağazadə