Azərbaycan, Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq müzakirə edilib

Tarix: 22:19 18.03.2025
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri Zukan Helezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, əvvəlcə qeyd etmək lazımdır ki, Azərbaycan tərəfi əməkdaşlığın digər istiqamətləri ilə yanaşı, müdafiə və təhlükəsizlik, hərbi-texniki əməkdaşlıq sahəsində ciddi fəallıq nümayiş etdirir:
“Həqiqətən də, müasir dövrümüzdə geosiyasi vəziyyət olduqca mürəkkəbdir. Proseslərin inkişaf istiqamətini müəyyənləşdirmək çətindir. Belə bir vəziyyətdə, sözsüz ki, dövlətlər, o cümlədən Azərbaycan da öz təhlükəsizliyinin etibarlı təmin olunması imkanlarını hər zaman genişləndirməlidir.
Azərbaycan da müvafiq olaraq hərbi-texniki sahədə getdikcə geniş coğrafiyalarda əməkdaşlıq qurmaqdadır. Azərbaycanın Müdafiə naziri ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri arasında keçirilən görüş zamanı əsas müzakirə məsələlərindən biri tərəflər arasında təcrübə mübadiləsinin həyata keçirilməsi olub.
Hərbi-texniki və ordu quruculuğu sahəsində Azərbaycanın kifayət qədər təcrübəsi mövcuddur. Azərbaycanın Müdafiə naziri Ermənistan-Azərbaycan sərhədində müdafiə tədbirlərinin görülməsi haqqında da danışıqlar aparıb. Hesab edirəm ki, Azərbaycanın bu sahədəki təcrübəsi Bosniya və Herseqovina üçün səmərəli ola bilər”.
Çimnaz Telmanqızı