Türkiyə ilə Ermənistan arasında münasibətlər nə vaxt normallaşacaq?

Tarix: 14:09 19.03.2025
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması uzun illərdir müzakirə olunan mövzulardan biridir. Son dövrlərdə Ankara bu prosesin sürətlənməsi üçün müəyyən şərtlər irəli sürüb. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib ki, Ermənistan konstitusiyasını dəyişdikdən və ATƏT-in Minsk Qrupu ləğv olunduqdan sonra iki ölkə arasındakı dialoq daha intensiv şəkildə davam edəcək.
Bu məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Türkiyə danışıqlar apararkən İrəvana birinci növbədə Azərbaycanla sülh sazişi imzalamağı tövsiyə edir.
“Türkiyə Azərbaycanın qərarını gözləyir və dəfələrlə bu haqda Ermənistan hakimiyyətini məlumatlandırıb. Ermənistan hakimiyyəti çalışır ki, Azərbaycanla sülh sazişi imzalamadan Türkiyə ilə münasibətləri normallaşsın, sərhədlər açılsın və diplomatik əlaqələr qurulsun. Lakin Türkiyə danışıqlar zamanı İrəvana bildirir ki, birinci növbədə Azərbaycanla sülh sazişi imzalanmalıdır. Bundan sonra Türkiyə İrəvanla münasibətləri normallaşdırmağa hazırdır”, – deyə Şahinoğlu vurğulayıb.
Bu proses Azərbaycanın maraqlarına nə dərəcədə uyğundur?
“Ömər Çelik önəmli bir məqama da toxundu ki, Ermənistan konstitusiyasında da zəruri dəyişiklik edilməlidir. Ermənistan konstitusiyasında Azərbaycan ərazi iddiasını ehtiva edən bənd çıxarılmalıdır. Bu dəyişiklik Azərbaycanın da istədiyi bir məsələdir.
Türkiyənin bu qərarı o deməkdir ki, Türkiyə və Azərbaycan Ermənistan siyasətini həmişəki kimi koordinasiyalı şəkildə həyata keçirir”, – deyə politoloq əlavə edib.
Səyyarə Mirzəyeva