Ermənistanın Təxribatları və Azərbaycanın Təmkinli Cavabı: Sülh Prosesi və Risklər

Bölmə: Siyasət › ,
Tarix: 16:44 19.03.2025

Ermənistan Ordusu atəşkəsi pozmaqla Azərbaycanı qıcıqlandırmağa və cavab tədbiri görməyə məcbur etməyə çalışır. Məqsəd isə beynəlxalq diqqəti öz üzərlərinə çəkərək, Azərbaycanı günahkarlandırmaqdır. Azərbaycan isə Ermənistanın niyyətini başa düşür və təmkinini qoruyur. Azərbaycan XİN bildirdi ki, Azərbaycan bütün istiqamətlərdə sülh səylərini davam etdirəcək və bu prosesə qarşı addımların qarşısını qətiyyətlə alacaq. 

 

Mövzu ilə bağlı “informator.az”a açıqlamasında siyasi şərhçi Elşad Həsənov bildirib ki, Ermənistanın təxribatlarına Azərbaycanın cavab verməməsi onları daha da qıcıqlandırır:

 

"Bəli, artıq günlərdir Ermənistan atəşkəsi pozur. Azərbaycan buna çox təmkinli yanaşır, ciddi tədbirlər görmür. Bunu deməyi vacib bilirəm ki, Ermənistanda təkhakimiyyətlilik deyil, yəni Paşinyan dövlətə tək nəzarət edə bilmir. Bildiyimiz kimi, orduda müxalif qüvvələr var ki, onlarda belə təxribatlara əl atırlar. Hesab edirəm ki, bu təxribatlar Paşinyanın göstərişi ilə edilmir. Amma bu o demək deyil ki, biz bunlara dözməliyik. Azərbaycan XİN və MN bu haqda məlumatlar verirlər, Ermənistan isə bu xəbərləri təkzib edir. Onlar bəyan edir ki, atəşkəsin pozulması məsələsini Azərbaycanla birgə müzakirə etməyə hazırıq. Eyni zamanda, sərhəddə Aİ müşahidə missiyası da var. Onlarda bildirir ki, sərhəddə vəziyyət sabitdir, heç bir hal qeydə alınmayıb. Bu da o deməkdir ki, onlar özü də təxribat törədir və Azərbaycanın bu təxribatlara cavab verməməsi onları daha da qıcıqlandırır".

 

Siyasi şərhçi sülh müqaviləsindən də danışıb: 

 

"Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni razılaşdırılıb. Ermənistanın konstitusiyasını dəyişməsi və ATƏT-in ləğvi ilə bağlı birgə qərarın verilməsi məsələsi hələ qalıb. Hesab edirəm ki, Ermənistan bu şərtləri də yaxın zamanlarda qəbul edəcək. Ona görə hesab edirəm ki, Ermənistanın təxribat xarakterli addımları baş tutmayacaq. Əgər onlar şərti sərhədboyu Azərbaycana qarşı ciddi təxribat törədərsə, Azərbaycan yerindəcə cavab tədbirləri görəcək. Bu da yenidən eskalasiyaya gətirib çıxara bilər və Ermənistan dövlətinin məhvi ilə nəticələnəcək. Bunu Ermənistan özü də bilir".

 

Günel Verdiyeva