Ukraynadakı enerji sektoruna zərbələr: Putin və Trumpın 30 günlük atəşkəs sazişi niyə həyata keçirilmədi?

Tarix: 18:36 19.03.2025
Rusiya və ABŞ arasında Ukrayna münaqişəsi ilə bağlı müzakirələr davam edir. Son zamanlarda, xüsusilə ABŞ prezidenti Donald Trump və Rusiya prezidenti Vladimir Putin arasında atəşkəs təkliflərinin müzakirə edilməsi diqqət çəkib. Həmin təkliflərdən biri, Putin tərəfindən Ukraynanın enerji sektoruna 30 gün ərzində zərbə endirməməsi vədini vermək idi. Lakin bu vəd yerinə yetirilməyib və münaqişənin yeni mərhələsi başlayıb.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov "informator.az" saytına açıqlamasında bildirib ki, Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Trump ilə etdiyi son danışıqda Ukraynanın enerji sektoruna 30 gün ərzində zərbə endirməyəcəyinə dair vəd verib:
“Lakin, bu vəd yerinə yetirilməyib və artıq Ukraynanın enerji sektoruna, xüsusilə də Kiyevdə, zərbələr endirilməyə başlanıb. Putinin təklif etdiyi 30 günlük atəşkəs ən azı humanitar baxımdan mühüm əhəmiyyət kəsb edirdi. Bu atəşkəs, mülki əhalinin əziyyət çəkməməsi və humanitar yardımın çatdırılması üçün vacib bir addım sayılırdı. Bu təklifin gerçəkləşməsi çox şübhəlidir, çünki Putin bu şərtləri tək tərəfli şəkildə qəbul edərək, onları müəyyən şərtlərlə irəli sürüb ki, bu da faktik olaraq təklifin qəbul olunmamasına səbəb olub”.
"Putin 30 günlük atəşkəs təklifini rədd etmək üçün şərtlər irəli sürür", – deyə Oqtay Qasımov vurğulayıb.
Politoloq, həmçinin qeyd edib ki, ABŞ mətbuatının verdiyi məlumata görə, Putin Trumpın bir çox təkliflərini qəbul etməyib və nəticədə atəşkəs təklifi yerinə yetirilməyib:
“Bu, Rusiya üçün müəyyən qədər zaman qazandırsa da, Putin 30 gün ərzində Ukraynanın özünü toparlamağa başlamasından narahatdır. Tərəflər arasında atəşkəsin dayandırılması və müharibənin sona çatması ilə bağlı heç bir real irəliləyiş yoxdur”.
Oqtay Qasımov, "hələlik atəşkəsin tam şəkildə tətbiq olunacağına inanmıram"- deyə əlavə edib.
Güllər Gülhüseynova