“Biz duyğularımız, emosiyalarımız haqqında müfəssəl məlumata malik deyilik”-ŞƏRH

Tarix: 16:58 20.03.2025
Yaradıcı insanlar öz emosiyalarını, duyğularını, hisslərini daha gözəl ifadə edə bilirlər. Amma hər bir insanın sağ beyin yarımkürəsinin idarə etdiyi emosional olan hissəsi vardır. Amma biz bunu ifadə edə bilirikmi?
Mövzu ilə bağlı klinik psixoloq Gülşən Rüstəmova “informator.az”a açıqlamasında bildirib ki, insan çox möcüzəvi varlıqdır. Onun möhtəşəmliyi o sirli, ecazkar, bilinməyən hissələrindəndir:
“Əslində biz duyğularımız, emosiyalarımız haqqında o qədər də müfəssəl məlumata malik deyilik. Ünsiyyətsizlik bizi öz duyğularımızı basdırmağa vadar edir. Biz düşünürük ki, bizim hisslərimiz başqa insanlar üçün o qədər də maraqlı deyil. Amma biz duyğulardan ibarət insan olduğumuz üçün duyğularımızın həyatımızda çox böyük əhəmiyyəti və rolu vardır. Müxtəlif psixoloji testlər var ki, onların köməyi ilə insan demədiyi ,şüur altında yatan və özünün belə xəbəri olmadığı hissləri ifadə edə bilir. Şəkil çəkmək və ya rənglərdən istifadə etmək də bura daxildir. İnsan duyğularını vərəqə tökən zaman istər rəsm əsəri, istərsə də yazılar olsun bununla özünü kənardan görə bilir. Bu insan üçün mühümdür, insanın özünü kənardan görməsi, insanın özünü həyatda tanımasına və fərqindəlik yaranmasına səbəb olur”.
Ətirə İbayeva