HAMAS niyə müharibəni seçdi?

Bölmə: Siyasət › ,
Tarix: 21:14 20.03.2025

Son dövrlərdə İsrail və HAMAS arasındakı qarşıdurma daha da gərginləşib. ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hughesin açıqlamasına görə, HAMAS atəşkəsi uzatmaq və girovları azad etmək əvəzinə müharibəni seçib. İsrail isə atəşkəsdən sonra ən intensiv hücumlarını həyata keçirərək, HAMAS-a təzyiq göstərib və girovların azad edilməsini tələb edir.

Bu məsələ ilə bağlı politoloq Qədir Aslanlı “İnformator.az”a açıqlamasında bildirib ki, HAMAS sülh şəraitində yaşamaq istəmir.

“HAMAS adı sivil hökumət olmasına baxmayaraq, əslində sivil hökumət deyil. Onlar sadəcə terrorçu və militant qruplaşmadır. Onların sosial bazası terrorizmə meylli, qisas hissi ilə yaşayan insanlardan ibarətdir. HAMAS terror təşkilatı olduğunu dəfələrlə sübut edib. Sülh şəraitində yaşamaq bu təşkilat üçün maraqlı olmadığına görə istənilən halda atəşkəsi yox, müharibəni seçir. Qəzzada demokratik, beynəlxalq hüquqa uyğun, seçkili orqanların mövcud olduğu bir dövlət qurmaq fikrində deyil. 2006-cı ildə hakimiyyətə gələndə məqsədi İordan çayının qərb sahilindəki Fələstin dövlətindən ayrılaraq bölgədə ikitirəlik yaratmaq idi”, – deyə Aslanlı vurğulayıb.

İsrailin təzyiq strategiyası HAMAS-ı girovları azad etməyə məcbur edə bilərmi?

"İsrail və HAMAS arasında atəşkəs və yenidən başlayan toqquşmalar artıq bir şablona çevrilib. HAMAS bu vəziyyətdən istifadə edərək hücuma keçmək üçün güc toplayır. İsrail isə HAMAS-ın nə etdiyini anladığı üçün bunu bitirmək istəyir", – deyə politoloq əlavə edib.

 

Səyyarə Mirzəyeva