Kanadadan Qəzzaya yardım çatdıran təşkilatlara maliyyə dəstəyi

Bölmə: Dünya › ,
Tarix: 13:28 21.03.2025

Kanada Birləşmiş Millətlər Təşkilatına (BMT), Dünya Bankına, Qırmızı Xaç Cəmiyyətinə və müxtəlif qeyri-hökumət təşkilatlarına Qəzzaya və İordan çayının qərb sahilinə humanitar yardım çatdırmaq üçün 99 milyon dollardan çox maliyyə ayıracağını açıqlayıb.

 

Kanada Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı yaydığı yazılı açıqlamada bildirilib ki, BMT-nin hesablamalarına görə, Qəzzada 2 milyondan çox insanın bir ildən artıqdır təcili humanitar yardıma ehtiyacı var. Eyni zamanda, İordan çayının qərb sahilində şiddətin artdığı və çoxlu sayda insanın didərgin düşdüyü qeyd edilib.

 

Açıqlamada vurğulanıb ki, Kanadanın xarici işlər naziri Melani Coli BMT, Dünya Bankı, Qırmızı Xaç və müxtəlif qeyri-hökumət təşkilatlarının Qəzzaya və İordan çayının qərb sahilinə humanitar yardım göstərməsinə dəstək üçün 99 milyon dollardan çox maliyyə ayrılacağını bəyan edib.

 

Bəyanatda bu vəsaitlərin sağlamlıq, qida, sığınacaq və müdafiə, sülh və təhlükəsizlik proqramları, İordan çayının qərb sahilində iqtisadi dirçəliş, sosial dayanıqlıq və idarəetmənin gücləndirilməsi kimi əsas xidmətlər üçün istifadə ediləcəyi qeyd olunub.

 

Mənbə: TRT Haber

Çimnaz Telmanqızı