Fələstin beynəlxalq ictimaiyyəti İsrailin Qəzzaya qarşı hücumlarını dayandırmağa çağırır

Bölmə: Dünya › ,
Tarix: 15:03 21.03.2025

Fələstin Xarici İşlər Nazirliyi və HƏMAS beynəlxalq ictimaiyyəti atəşkəs razılaşmasını pozan İsrailin Qəzzaya yenidən hücumlarını dayandırmaq üçün müdaxilə etməyə çağırıb.

 

Fələstin Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada bildirilib ki, beynəlxalq reaksiyalar əhəmiyyətli olsa da, bu, beynəlxalq hüququn minimum tələblərinə — xüsusilə mülki şəxslərin müdafiəsi, qida və tibbi ehtiyacların təmin edilməsinə — cavab vermir.

 

Bəyanatda İsrailin Fələstin xalqını öz torpaqlarından qovmaq planlarına qarşı xəbərdarlıq edilib və müdafiəsiz mülki əhali, o cümlədən uşaqlar və qadınlara qarşı dəhşətli qətliamlarını davam etdirən İsrailə real təzyiq göstərilməsinə çağırılıb.

 

Qeyd edilib ki, İsrail 2 milyondan çox fələstinlini bombalayaraq, onları ac-susuz qoyaraq “həyatlarını oğurlayıb”.

 

HƏMAS-ın yaydığı yazılı açıqlamada ərəblər və müsəlmanlar, başda Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurası olmaqla, beynəlxalq platformalarda hərəkətə keçməyə, Qəzzaya hücumu dayandırmağa, Fələstin xalqına qarşı hücum və soyqırımı dayandırmaq üçün təcili tədbirlər görməyə çağırılıb.

 

Açıqlamada vurğulanıb ki, Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsrailin hücumlarının dayandırılmasına mənəvi və siyasi cəhətdən birbaşa cavabdehdir.

 

İsrail ordusu yanvarın 19-da qüvvəyə minən atəşkəsi pozaraq martın 18-də yenidən Qəzza zolağına şiddətli hücumlara başlayıb.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin üç gündür davam edən hücumu nəticəsində azı 710 fələstinli ölüb, 900-dən çoxu isə yaralanıb.

 

İsrail ordusunun 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayının 49 min 617 nəfərə, yaralı sayının isə 112 min 950 nəfərə yüksəldiyi açıqlanıb.

 

Mənbə: TRT Haber

Məhərrəmli Xədicə