Saxta əllə beyni aldadıblar, ağrı azalıb

Bölmə: Maraqlı › ,
Tarix: 15:28 21.03.2025

 

 

Almaniyalı elm adamları təəccüblü bir təcrübə ilə beyin və bədən arasındakı əlaqəni şübhə altına alıblar. “Saxta əl illüziyası” adlanan üsulla iştirakçıların hiss etdikləri ağrının səviyyəsində əhəmiyyətli dərəcədə azalma müşahidə olunub.

 

Bochumdakı LWL Universitet Xəstəxanasında Psixosomatik Tibb və Psixoterapiya Klinikasının tədqiqatçıları beynin vizual və sensor məlumatlarla necə idarə oluna biləcəyini sınaqdan keçiriblər. Təcrübədə iştirakçıların həqiqi əlləri gözdən gizlədilib, onların yerinə real görünən “saxta əl” yerləşdirilib və qırmızı işıqla işıqlandırılıb. Bu proses zamanı iştirakçılar real ələ istilik tətbiq edilərkən hiss etdikləri ağrıları anında qiymətləndiriblər. Təcrübənin nəticələrinə görə, saxta əli həqiqi qəbul edən fərdlərdə ağrı hissi azalıb. Ənənəvi olaraq, saxta əl illüziyası həm həqiqi, həm də saxta əllərə eyni vaxtda toxunmaqla yaranır. Ancaq bu işdə yalnız istilik və vizual stimullardan istifadə edilib.

 

34 sağ əlli iştirakçının hər biri ağrı həddi ölçüldükdən sonra sol əlini ekranın arxasına qoyub. İstilik cihazı ilə təmasda olan əsl əl görünməsə də, saxta əlin altında qırmızı işıq yanıb.

 

Professor Martin Diers, "Sol ələ tətbiq olunan istilik və saxta əllərə eyni vaxtda tətbiq olunan qırmızı işıq illüziyaya səbəb oldu",- deyib. Təcrübənin sonunda iştirakçılarla aparılan sorğularda illüziyanın baş verdiyi hallarda ağrı qavrayışının əhəmiyyətli dərəcədə azaldığı təsdiqlənib. Nəzarət qrupu olaraq saxta əlin 180 dərəcə fırlanaraq yerləşdirildiyi bir ssenari də sınaqdan keçirilib. Diersə görə, bu təsirin arxasında beynin vizual, nosiseptiv və bədən mövqeyi (proprioseptiv) məlumatlarını birləşdirən prosesi dayanır. Bundan əlavə, "vizual analjeziya" adlanan başqa bir fenomen də təsirli ola bilər. Bu fenomenə görə, insan ağrılı olan bədən hissəsini görə bilirsə, hiss etdiyi ağrı daha az ola bilər. Bununla belə, tədqiqatçılar qeyd edirlər ki, bu təsirin sinir əsasları hələ tam başa düşülməyib. Tədqiqatçılar bu tapıntıların gələcəkdə kompleks regional ağrı sindromu kimi şərtlərin müalicəsində istifadə oluna biləcəyini düşünürlər. Bu cür qavrayış illüziyalarına əsaslanan müalicələrin əl bölgəsindəki şişlik və xroniki ağrıların müalicəsinə yeni bir qapı aça biləcəyi ifadə edilir.

 

TRT XƏBƏR

Asiman Vəliyeva