Epidermolizis bulloza nədir?

Bölmə: Sosial › ,
Tarix: 19:26 21.03.2025

“Epidermolizis bulloza irsi xəstəliklərdən biridir və çox nadir hallarda qazanılmış ola bilər”.

 

 

Bu sözləri dermatoveneroloq Tünzalə Əzizli “İnformator.az”a açıqlamasında deyib.


O qeyd edib ki, irsi baxımdan genetik mutasiyalar nəticəsində baş verən bir xəstəlikdir:

 

“Mutasiyalar nəticəsində xüsusilə dəri qatlarının bir-birinə birləşməsində, bağlanmasında rol oynayan kollagenlərin, kerotinlərin, laminenlərin mutasiyası gedir və bu halda dərinin qatlarının bir-biri bağlanması zəifləyir, dəridə qabarcıqlar, suluqlar yaranır.
Bu xəstələrin dəriləri o qədər həssas, nazik olur ki, onlar hər adi travmadan zədə ala bilirlər. Zədə alınan nahiyədə dərhal qabarcıqlar, suluqlar yaranır.

 

Bu xəstəliyin bir neçə növü var:

Sadə buluz epidermolizis:  Bu daha çox dərinin üst qatlarında yaranır və sağaldıqda suluqların yerində adətən çapıq qalmır.

 

Sərhədyanı buluz epidermolizis: Bu daha çox dərinin orta qatlarında yaranır və bəzən çapıq qoymaqla sağalması mümkün olur.

 

Distropik buluz epidermolizis: Bu forma dərinin daha dərin qatlarında, dərialtı toxumalarda yaranır. Burada da çapıq qoymaqla sağalma halları mümkündür. Ağır hallarda daha da dərinləşmə, əl-ayaq barmaqlarının deformasiyası görülə bilir.

 

Kindler sindromu: Bu, nadir rast gəlinən və ağır formalardan sayılır.

 

Dəri zədə aldıqda, zədə alınan yerlərdə suluqların, qabarcıqların yaranması başlayır. Buraya asanlıqla digər infeksiyaların qoşulması baş verir”.

 

Müsahibimizin sözlərinə görə, daha ağır formalarda hətta kontrakturalarda əl-ayaq barmaqlarının birləşməsi rast gəlinir:

 

“Bu xəstəliyin birdəfəlik müalicəsi yoxdur. Müalicə ilə sadəcə simptomları yüngülləşdirə bilirik. Müalicə zamanı ağrıkəsicilərdən, sırf bu xəstəlik üçün təyin olunan sarğılardan istifadə olunur. Bu xəstəlik üçün təyin olunan sarğılar, qabarcıqları qurutmaq və yaxud açıq yaraları sağaltmaq üçün istifadə olunan sarğılardır.
Ən önəmli nüansı qeyd etmək istəyirəm ki, hazırda Respublikamızda sırf buluz epidermolizis və ixtioz xəstəliyindən əziyyət çəkən xəstələr, Respublika Dəri Zöhrəvi Mərkəzində qeydiyyata alınır, professorların konsultasiyasından keçirlər və onlara lazım olan müalicəvi preparatlar, sarğılar, kremlər və bu kimi vasitələr pulsuz, dövlət hesabına, imtiyazlı formada təyin olunur”.

 

Nərmin Həşimova