Husilər Təl-Əvivdə hərbi hədəfi ballistik raketlə bombalayıb

Bölmə: Dünya › ,
Tarix: 22:15 21.03.2025

Yəməndə İranın dəstəklədiyi husilər işğalçı İsrailin Təl-Əvivin cənubundakı hərbi hədəfi hipersəs ballistik raketlə bombaladığını və əməliyyatın “məqsədinə uğurla çatdığını” açıqlayıb.

 

Husilərin Hərbi Sözçüsü Yəhya Seri televiziyada yayımlanan video bəyanatında məsələ ilə bağlı məlumat verib. Seri, "İşğal altındakı Fələstinin Yaffa bölgəsində düşmən İsrailə məxsus hərbi hədəfi "Fələstin-2" tipli hipersonik ballistik raketlə hədəf aldıq və əməliyyat uğurla həyata keçirildi" deyib. Bunun son 24 saat ərzində ikinci əməliyyat olduğunu bildirən Seri, ABŞ-nin Yəmənə hücumları davam etdikcə Husi silahlı qüvvələrinə Qəzzada dəstək əməliyyatlarının dayanmayacağını vurğulayıb. Seri, İsrail gəmilərində əməliyyatların və naviqasiya qadağasının Qəzzaya hücumlar bitənə və blokada qaldırılana qədər davam edəcəyinə diqqət çəkib.

 

Husilər dünən İsrailin Təl-Əviv şəhərindəki Ben Qurion beynəlxalq hava limanını və Qırmızı dənizdəki ABŞ təyyarədaşıyan gəmisini hədəf aldıqlarını bildiriblər. ABŞ Yəmənə hava zərbələri endirib. Husilər martın 7-də verdikləri açıqlamada, yardımların Qəzzaya daxil olması üçün İsrailə 4 gün vaxt verdiyini, əks halda İsrailə qarşı dəniz əməliyyatlarına yenidən başlayacaqlarını bildiriblər. ABŞ prezidenti Donald Tramp martın 15-də “Truth Social” platforması hesabında orduya Yəməndə husilərə qarşı “böyük hücum”a başlamaq göstərişi verdiyini açıqlayıb. Husilərin lideri Əbdülməlik əl-Husi də ABŞ təyyarələri və döyüş gəmilərinin husilərin hədəfi olacağını bildirib və hücumlar davam etdikcə dəniz səfərlərindəki maneələrin Vaşinqtonu da əhatə edəcəyini bildirib. Husilər ABŞ və İngiltərənin paytaxt Səna da daxil olmaqla bəzi şəhərlərə endirdiyi hava zərbələri nəticəsində azı 53 nəfərin öldüyünü, 107 nəfərin isə yaralandığını açıqlayıb.


Tərcümə etdi:Ayşən Səlimova

Mənbə:TRT haber