Trampın Yəmən Hücumları-Əsl Hədəf İranmı?

Bölmə: Siyasət › ,
Tarix: 22:26 21.03.2025

ABŞ Prezidenti Donald Trampın əmri ilə ölkə donanması 15 martdan etibarən Yəməndə husilərin nəzarətində olan ərazilərə irimiqyaslı hücumlar təşkil etməyə başlayıb. Tramp deyib ki, “Husilərin atdığı hər bir güllə bundan sonra İranın silahlarından və rəhbərliyindən atılan güllə kimi qiymətləndiriləcək". İranın BMT-dəki daimi nümayəndəliyi isə bəyan edib ki, ölkəyə qarşı istənilən təcavüz aktının nəticələri olacaq və buna görə ABŞ məsuliyyət daşıyacaq.

 

Bu sözləri "informator.az"a açıqlamasında politoloq Turan Rzayev deyib.Onun sözlərinə görə, Trampı nə Yəmən, nə buradakı xalq, nə də husilər maraqlandırır:

 

"Düzdür, husilər son illərdə İsrailə zərbələr endirib və ya Ədən körfəzində beynəlxalq ticarəti iflic nöqtəsinə gətirəcək səviyyədə ciddi aktlar həyata keçirib. Lakin bunlara baxmayaraq, ABŞ əməliyyatlar keçirmək kimi radikal addım atmayıb.

 

Trampın ABŞ qoşunlarına Yəməndə husilərin nəzarətində olan ərazilərə irimiqyaslı hücumlar etməsi, Azərbaycan məsəli ilə desək, 'Qızım, sənə deyirəm, gəlinim, sən eşit' məntiqinə söykənir. Çünki Tramp və komandasından verilən açıqlamalarda əsl hədəfin İran olduğu vurğulanır".

 

Politoloq bildirib ki, əslində Trampın niyyəti İranla müharibə aparmaq və ya bu ölkəyə birbaşa müdaxilə etmək deyil.

 

"Sirr deyil ki, İran ən zəif halında belə bu cür müdaxiləyə qarşı ölüm-dirim savaşına başlayacaq. Daha dəqiq desək, Tehran dini ideologiya əsasında müharibə vəziyyətinə keçə bilər. Belə olduqda isə İran ABŞ üçün ikinci Əfqanıstan olar. İran-ABŞ qarşıdurması və bu ölkəyə beynəlxalq koalisiyanın hərbi müdaxiləsi İsrailin planıdır. Təl-Əviv hər vəchlə çalışır ki, buna nail olsun. Amma Tramp son ana qədər bu versiyadan yayınmaq istəyir.

 

Trampın hədəfi İranı nüvə sazişinə məcbur edib prosesi səngitməkdir. Əgər bu baş verərsə, Vaşinqton İsrailin tələblərini bloklaya bilər. Lakin Tehranın mövqeyi, xüsusilə İranın ali rəhbəri Əli Xameneinin geri addım atmaması gərginliyi artırır. Nəticə etibarilə rəsmi Tehran nüvə sazişinə qayıtmasa, gec-tez İrana qarşı vaxtilə İraqda olduğu kimi beynəlxalq koalisiyanın iştirakı ilə hərbi müdaxilə qaçılmaz olacaq".

 

Türkan Kərimli