“Bu “dəli” obrazı ancaq o canlandıra bilərdi”

Bölmə: Mədəniyyət › ,
Tarix: 13:27 22.03.2025

“Şükriyyə” tamaşası yazıçı Cavid Zeynallının eyniadlı pyesi əsasında hazırlanıb. Artıq iki ilə yaxındır ki, AzDrama-da teatrsevərlərə təqdim olunur. Səhnə əsərində Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatından bəhs edilir.

Tamaşanın baş qəhrəmanı Şükriyyə obrazına Əməkdar artist Münəvvər Əliyeva həyat verir. Canlandırdığı obrazın haqqını verən aktrisa Şükriyyənin övlad həsrətini, Cavada olan sevgisini hələ tamaşanın ilk dəqiqələrindən hiss etdirir. Bəzən üsyanı göyləri dələn, bəzən isə çox təmkinli olan Şükriyyə xanım Cavada olan sevgisi ilə qarşı-qarşıya qoyulsa da, o, həyat yoldaşını heç nəyə dəyişmir. Sürgünə göndərilmək bahasına olsa belə.

 

Şükriyyə xanımın sürgün yoldaşlarından Zöhrəni Mehriban Xanlarova, Mariyanı Vəfa Zeynallı, Tamarı Afət Məmmədova, Lolanı Rada Nəsibova canlandırır. Xalq artisti Əli Nur Şükriyyənin atasını canlandıraraq cəmi bir səhnədə görünsə də, güclü ifası ilə tamaşaçı alqışı toplayır.

İlk dəqiqələrdən nifrət hissi oyadan, obrazı oynamayıb, yaşayan Xalq artisti Nurəddin Mehdixanlı bu dəfə mənfi obrazdadır.

Bəlkə də, vərəq üzərində çox da önəmsənməyən Zöhrə obrazı Mehriban Xanlarova sayəsində tamaşanın gizli qəhrəmanına çevrilir. Bu “dəli” obrazı ancaq o canlandıra bilərdi.

Elə bu heyət tamaşanı daha da yüksəklərə daşıyır. Bir an belə izlədiyimin oyun olduğundan şübhə duymadım. Hər bir aktyor möhtəşəm iş çıxarır.

Səhnə əsəri 8 qadın, 8 çamadanla başlayır, lakin finalda bu çamadanların sayı 4-ə enir. Obrazların bu şəkildə simvolizə edilməsi tamaşanın təsir gücünü daha da artırır.

 

Tamaşada Şükriyyə Axundzadənin timsalında qadın gücü, qadın iradəsi göstərilir. Sürgündəkilərin bir-birinə dayaq olması, “birinin ayağına dəyən daş”dan digərlərinin narahatlıq keçirməsi tamaşaçının yaddaşında dərin iz buraxır. Mariyanın soyuq Qazaxıstan çöllərində özünü heçə sayaraq, şalını anası ilə sürgünə göndərilən kiçik Laliyə verməsi duyğu yükünü olduqca artırır.

 

Qadın həyatını ön plana çəkən əsər, film və seriallara xüsusi marağı olan biri kimi, bu tamaşadan da eyni dərəcədə təsirləndim. “Şükriyyə” sadəcə bir tamaşa deyil, eyni zamanda dövrün reallığını, qadın gücünü və iradəsini səhnəyə gətirən möhtəşəm bir sənət nümunəsidir.

Rafiq Yusifov