Bir sevgi deyil, mücadilə mahnısı

Bölmə: Sosial › ,
Tarix: 13:28 22.03.2025

“Elfida” ilk dinləmədə sevgi mahnısı təəssüratı yaratsa da, çox dərin məna və tarixə malikdir.

“Elfida” həyatda qalmaq uğrunda mübarizə aparan bir qızcığazın - Beyzanurun mahnısıdır. Rok stilində olan nəğmənin hər misrası bir ömürlük acını ifadə edir.
“Elfida, bir bəlalı başımsan” - Beyzanurun doğulduğu gündən xəstəliklə mübarizə aparmasına işarədir. Bu qədər incəliklə düşünülmüş misranı, təəssüf ki, sevgilisindən ayrılanlar “hekayə”lərində paylaşırlar.
“Elfida, beni fark etme sakın” - ani bir qərarla dəyişdirilən o misra. Mahnının ilkin versiyasında bu sözlər “Elfida, beni terk etme sakın” idi. Haluk Levent bəstəni ilk dəfə Beyzanur üçün canlı səsləndirəndə, öləcəyini düşünüb kədərlənməsin deyə, 1 saniyənin içində dəyişdirib.
“Çiynimdə iz qoyma, yüküm dünya qədərdir” misrası hər dəfə boğazımda düyün olur. Sağal, həyatda qal, səni çiyinlərimdə daşımayım.
“Elfida, həmişə ağlıma qalacaqsan”. Mələk olan o məsum qız bu mahnı ilə artıq təkcə Haluk Leventin yox, hamının ağlındadır.
Bir çoxu mahnının Beyzanura ithaf edildiyini eşidəndə, “Bəs niyə Elfida” sualını verir. “Elfida” keçmiş Osmanlı dilində “gözdən çıxarılmış”, “ümidi üzülmüş” mənasına gəlir. Bu da Beyzanurun keşməkeşli həyatının bir sözlə ifadəsidir.
“Kim bilir neçə yüz ildir sarılmamış qolların” - bu misra Beyzanurun tənhalığını və yoluxucu xəstəliyindən dolayı valideynlərini belə qucaqlaya bilmədiyini simvolizə edir.
Mahnı yazılanda Elfida yox idi, amma artıq Elfida var. Beyzanurun ölümündən sonra, dünyaya gələn bacısına Elfida adı verilib.
Söz və musiqisi Haluk Leventə məxsus “Elfida”, necə deyərlər, illərə meydan oxuyur. Hər kəsin dinlədiyi mahnı dərinliyini duyanlara daha çox təsir edir. Hekayəsini bilənlər isə göz yaşlarını saxlaya bilmirlər.
“Elfida”nı dinlədiyimə görə, bəzən peşman oluram. Bu mənalı əsərə qulaq asdıqdan sonra, ən az onun qədər olan mahnılar axtarıram. Lakin çox az hallarda tapıram. “Elfida”nı dinlədikdən sonra, sadəcə bir mahnı dinləmiş olmursunuz. Həm də bir insanın acısını, ümidlərini, həyatını hiss edirsiniz.

Rafiq Yusifov