“Çinlə potensial müharibəyə girmək istəmirik”-Tramp

Tarix: 21:26 22.03.2025
ABŞ Prezidenti Donald Tramp, Pekinlə qlobal rəqabət mövzusunda açıqlama verərək, "Çinlə potensial müharibəyə girmək istəmirik, amma əgər bu baş verərsə, bunun öhdəsindən gəlmək üçün çox yaxşı təchizatımız var" deyib. Tramp bu sözləri Ağ Evdə keçirilən mərasimdə xarici siyasət gündəmini dəyərləndirərkən söyləyib.
O, New York Times (NYT) qəzetində yayımlanan və onun baş müşaviri Elon Maska Çinlə bağlı müharibə planlarının göstərildiyinə dair xəbərlərə cavab verib. "Çinlə müharibə planlarımızı heç kimə göstərmək istəmirik" deyən Tramp, bu xəbərlərin saxta olduğunu və Maskın Pentaqona etdiyi səfərin yalnız Dövlət Effektivliyi Departamenti (DOGE) ilə bağlı məsələləri müzakirə etmək üçün olduğunu bildirib. Tramp Çin Prezidenti Si Cinpinlə danışacağını və Çinə tətbiq edilən gömrük rüsumları məsələsində açıq müzakirələr aparmaq istədiyini də vurğulayıb.
Tramp, Rusiya-Ukrayna münaqişəsi ilə bağlı tam atəşkəsə nail olunacağına ümid etdiyini bildirib. O, həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə yaxşı münasibətinin olduğunu söyləyib. "İnanıram ki, yaxın zamanda bir çox sahədə atəşkəs sazişi bağlanacaq. İndiyə qədər hər şey yaxşı gedir. Yaxın zamanda tam atəşkəs əldə olunacaq və sonra müqavilə imzalayacağıq. Razılaşmalar torpaq bölgüsünü də əhatə edəcək", – Tramp əlavə edib. Tramp NATO ilə bağlı da iddialı açıqlamalar verərək, "ABŞ olmadan NATO-nun heç bir önəmi yoxdur" deyib. O, prezidentliyə gəldiyi vaxt NATO-nun zəif olduğunu, amma onun dönəmində üzv ölkələrin ödənişlərinin artırıldığını və bu addımın alyansa faydalı olduğunu bildirib. "NATO hazırda güclü və sabitdir, amma bizə ədalətli yanaşmalıdırlar", – deyə Tramp vurğulayıb.
TRT HABER
Billurə Quliyeva