İstanbul bələdiyyə başçısı həbs olundu

Tarix: 14:46 23.03.2025
CNN — Türkiyə məhkəməsi İstanbul Bələdiyyə Başçısı Ekrem İmamoğlunun həbs olunaraq mühakimə olunana qədər həbsxanada saxlanılmasına qərar verib, CNN-in yerli filialı CNN Türk məlumat yayıb. Onun həbsinə qarşı ölkə boyu geniş etiraz aksiyaları keçirilib.
Reuters xəbər agentliyinin məlumatına görə, prokurorlar Prezident Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqiblərindən biri olan İmamoğlunun və dörd köməkçisinin məhkəməyə qədər həbs edilməsini tələb edib. Keçən həftə həbs olunan İmamoğlu şənbə günü məhkəmədə ifadə verib. Bu hadisə son on ildə Türkiyədə ən böyük etirazlara səbəb olub. Cümə axşamından bəri İstanbul və Ankara da daxil olmaqla, onlarla şəhərdə on minlərlə insan əsasən dinc aksiyalar keçirərək İmamoğlunun həbsinə etiraz edib. CNN Türkün məlumatına görə, bazar günü məhkəmə İmamoğlunun korrupsiya ittihamları ilə həbs olunması barədə rəsmi qərar verib. Bu qərar onun Kürdüstan Fəhlə Partiyası (PKK) və Kürdüstan Cəmiyyətlər Birliyi (KCK) adlı təşkilatlara kömək etməkdə ittiham olunduğu ayrı-ayrı araşdırmalara aid deyil. Türkiyə bu təşkilatları terror qrupları hesab edir. Dövlət agentliyi Anadolu xəbər verir ki, İstanbul prokurorluğunun açıqlamasına əsasən, İmamoğlu və ona bağlı təxminən 100 nəfər cinayətkar təşkilata üzvlük, hədə-qorxu, rüşvət və ağırlaşdırılmış fırıldaqçılıq ittihamları ilə üzləşib. İmamoğlunun tərəfdarları bu həbsləri siyasi motivli adlandıraraq, Ərdoğanın Ədalət və İnkişaf Partiyasının (AKP) keçən il yerli və bələdiyyə seçkilərindəki məğlubiyyətindən sonra müxalifətə qarşı təzyiq siyasətinin davamı kimi dəyərləndiriblər. Bir çoxları bu addımı növbəti prezident seçkiləri öncəsi potensial rəqibləri siyasi səhnədən uzaqlaşdırmaq cəhdi kimi qiymətləndirir. Türkiyənin 85 milyon əhalisi var və ölkə NATO üzvüdür.
Mənbə: CNN News
Fatimə Heydərova