Dünyada zəlzələ təhlükəsi

Tarix: 21:31 08.04.2025
Son günlərdə dünya ölkələrində zəlzələlər müşahidə olunur, bu isə bir sıra narahatlıqlar doğurur.
Mövzu ilə bağlı seysmoloq Qulam Babayev "informator.az"a açıqlamasında bildirib ki, son illərdə dünya ölkələrində seysmik və tektonik aktivlik intensivləşib:
"Bu aktivlik dünya miqyasında davam edəcəkdir. Bütün seysmik ocaqlar yenidən fəaliyyətdə olacaq. Çünki, bu dövrülükdür, müntəzəm olaraq tektonik proseslər aktivləşir. Hazırda biz bu dövrü yaşayırıq. Məsələn, 2023-cü ildə qardaş Türkiyədə dağıdıcı zəlzələ baş verdi. Digər ölkələrdə, Avropa qitəsində, Egey dənizində, Aralıq dənizində, Mərakeşdə, cənub-şərqi Asiyada da aktivlik müşahidə olunur. 29 mart tarixindən bəri cənub-şərqi Asiya bölgəsi titrəyişlər altındadır, çünki bu bir törəmə prosesidir. Əgər bir tektonik blok, bir nəhəng region sirkələnirsə, deməli onun qonşu ocaqları da aktivləşəcək".
Qonşu ölkələrdə də baş verən aktivlik ölkəmizdə müşahidə oluna bilər?
"Azərbaycanda yerdəyişmə sürəti digər ölkələrlə müqayisədə o dərəcədə intensiv deyil. Amma qonşu ərazilərdə, İran, Türkiyə, Gürcüstan geodinamik proseslər intensiv müşahidə olunur. Azərbaycanda güclü, dağıdıcı zəlzələ gözlənilmir. Amma il ərzində hissedilən zəlzələlərin baş verməsinin şahidi olacağıq. Hissedilən zəlzələ dedikdə, 4, 4.5, 5 maqnitudalı zəlzələlər nəzərdə tutulur. Burada ocağın dərinliyi önəmli faktorlardan biridir. Çünki əgər, səthə yaxın olan bir təbəqədə zəlzələr, qırılmalar baş verərsə, zəlzələlər hiss olunacaq. Amma dərin olarsa, hiss olunmayacaq. Qonşu ölkələrdə baş verən zəlzələlər Azərbaycan ərazisi müəyyən qədər təsir göstərəcək, amma bu dağıdıcı şəkildə yox, hissolunan şəkildə özünü göstərəcək".
Billurə Quliyeva