“Putinlə Trampın görüşü baş tutacaq, amma...”

Bölmə: Siyasət › ,
Tarix: 21:29 14.04.2025

Kremlin sözçüsü Dmitri Peskov “Rossiya 1” telekanalına bildirib:

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında görüş baş tutacaq, lakin uyğun vaxtda. Buna hazırlaşmaq lazımdır".

 

Məsələ ilə bağlı siyasi elmlər doktoru, alim, politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, görüşün vaxtı və proqramı haqqında indilik hər hansı bir informasiya mövcud deyil:

 

“Bütün hallarda Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında təmaslar kifayət qədər sürətlə inkişaf edir. Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin iki gün öncə ABŞ prezidenti Donald Trampın nümayəndəsi olan Stiven Uitkoffla Sankt-Peterburqda görüş keçirib. Görüş təxminən 4 saat davam edib. Bu, 2022-ci ildən sonra ABŞ ilə Rusiya arasında baş tutan ilk görüşdür. Uitkoff əsas olaraq hər şeyin konstruktiv keçdiyini qeyd edir. Rusiya tərəfi də təmasların sürətlə inkişaf etdiyini bildirir.

 

Qeyd edək ki, ABŞ nümayəndələri ilə Rusiya Federasiyasının nümayəndələri arasında Səudiyyə Ərəbistanda keçirilən ilk görüşdə Rusiyanın xarici işlər naziri, prezidentin köməkçisi ilə yanaşı, Kiril Dimitriev də iştirak edib. Dimitrievin iştirakı onu göstərir ki, Rusiya və ABŞ arasında təkcə siyasi deyil, həm də ticari-iqtisadi əlaqələrin inkişaf etdirilməsində maraq mövcuddur. Çünki Kiril Dimitriev həm Putinə çox yaxın olan məmurdur, həm də Rusiyanın birbaşa Sərmayələr Fondunun rəhbəridir. Hazırda təmasları birbaşa aparan şəxs məhz Kiril Dimitrievdir. Bir neçə gün öncə ona tətbiq olunan sanksiya da aradan qaldırılıb. ABŞ və Rusiya arasında səfirliklərin fəaliyyətinin yenidən canlandırılması da artıq həllini tapmaqdadır.

 

Hesab edirəm ki, hər iki ölkə arasında münasibətlərin yeni bir səhifəsi açılmaqdadır. Bu yaxınlaşma bütövlükdə dünyaya təsir edəcək və dünyanın geosiyasi mənzərəsini köklü şəkildə dəyişəcək. Rusiya iqtisadi baxımdan Qərbdən geri qalsa da, hərbi baxımdan dünya geosiyasətinə təsir etmək imkanlarına malikdir.

 

Ukrayna məsələsində də düşünürəm ki, Avropa İttifaqının təsirli rolu olmayacaq. Bunu artıq cərəyan edən proseslər açıq şəkildə göstərir. Ukraynanın isə söz haqqı olmayacaq. O, ABŞ-dən gələn impulslara uyğun reaksiya vermək məcburiyyətində qalacaq. Bu günün reallığı bundan ibarətdir. ABŞ artıq Avropa İttifaqı ilə eyni cəbhədə çıxış etmədiyini nümayiş etdirir. Avropa Ukraynaya özlərinin formalaşdıracağı ayrıca hərbi kontingent göndərmək niyyətindədir. Lakin bu hərbi kontingentin necə formalaşacağı hələlik bəlli deyil.

 

Böyük Britaniyanın Baş naziri Keir Starmer dəfələrlə qeyd edib ki, ABŞ-nin iştirakı olmadan Ukraynaya etibarlı təhlükəsizlik təminatı vermək mümkün deyil. Ümumiyyətlə, Starmer hesab edir ki, ABŞ-nin dəstəyi olmadan Avropanın təhlükəsizlik məsələləri açıq qalacaq. Bu da onu göstərir ki, Avropa ölkələri ABŞ-in iradəsi qarşısında sərbəst davranmaq imkanına malik deyillər.

 

Bundan sonrakı mərhələdə, yəni Trampın hakimiyyəti dövründə, ABŞ ilə Rusiya arasında Soyuq müharibə bitdikdən sonra ilk dəfə bu qədər yaxınlaşma müşahidə olunacaq. Tramp da Rusiya ilə münasibətlərin normallaşdırılmasını ABŞ-nin maraqları baxımından vacib hesab edir".

 

Çimnaz Telmanqızı