Fələstində jurnalistlərin çadırı vuruldu

Bölmə: Hadisə › ,
Tarix: 16:04 18.04.2025

İsrailin Qəzzaya hücumları davam edir. Hücum zamanı jurnalistlərin çadırına da zərbə vuruldu. Media nümayəndələri daxil olmaqla ölü və yaralılar var. İsrail ordusu hücumun HƏMAS-a bağlı şəxsi hədəf aldığını bildirsə də, hadisə müharibə şəraitində jurnalistlərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirdi.

 

Münaqişə zonasındakı jurnalistlərin hədəfə alınması beynəlxalq hüquq baxımından necə qiymətləndirilir və bu, müstəqil mediaya hansı təsirləri göstərir?

 

Mövzu ilə bağlı politoloq Kazım Kazımov "informator.az"a bildirib ki, Qəzzada davam edən toqquşmalarda təəssüflər olsun ki, bir jurnalist daha həyatını itirdi:

 

" Əhməd Mənsur Qəzzanın Xanminus bölgəsində İsrail qüvvələrinin etdiyi hücumda həyatını itirdi. O cümlədən, 900 nəfər yaralandı. Ümumiyyətlə son il yarımda öldürülən jurnalist sayı Qəzza toqquşmalarında 211 nəfərə çatdı. Bu dəhşətli bir haldır". 

 

Politoloq vurğulayıb ki, bu söz azadlığına müharibə meydanında hörmət edilmədiyinin göstəricisidir: 

 

"Bu onu göstərir ki, İsrail tərəfi jurnalistlərin toxunulmazlığına ciddi şəkildə fikir vermir, əks təqdirdə 211 nəfər öldürülməzdi. Çox böyük müharibələrdə bu halla çox az rast gəlinir. Burada məsələ budur ki, sivil, hərbiçi, jurnalist aid etmədən bombardman davam edir. Bu gün əlli minə qədər Fələstinli mülki vətəndaş həyatını itirib. Onlardan 200-dən artığı jurnalist, yüzlərlə həkim olmuşdur. Bu heç bir insan haqlarına sığışan bir şey deyil. Əlli mindən artıq sivilin ölməsi dəhşətli bir haldır. Bu məsələ artıq qlobal miqyasda atəşkəs yolu tapılmalıdır. Çünki Həmasın və İsrailin toqquşmaları həm israilli sivillərə, fələstinli sivillərə, həm də xaricdən gələn jurnalist, tibb işçilərinə çox ciddi şəkildə zərər vurur".

 

Türkan Kərimli