Fələstin məsələsində Türkiyə və Azərbaycanın ortaq mövqeyi

Bölmə: Siyasət › ,
Tarix: 23:22 18.04.2025

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsi “X” hesabında Fələstinlə bağlı dəstək mesajı paylaşıb: 

 

Fələstin məsələsini öz məsələsi kimi görən və onu dəstəkləyən bütün parlamentarilərə təşəkkür edirəm və ümid edirəm ki, görüşümüz faydalı olacaq.

Fələstin davasını müdafiə etmək təkcə məzlum xalqı müdafiə etmək deyil, həm də beynəlxalq hüququ və insan haqlarını müdafiə etməkdir".

 

Məsələ ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, analitik Əli Zülfüqaroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Fələstin məsələsində yaranan problemin kökündə İsrailin hazırda radikal dindarlardan formalaşan teokratik rejimi dayanır:

 

"Nə qədər ki, İsrail hökumətinin başında sionizmə əsaslanan siyasət yürüdən radikal dindarlar dayanır, nəinki Fələstin–İsrail münasibətlərində normallaşma olacaq, ümumiyyətlə, Yaxın Şərqdə sülh mümkün olmayacaq.

Təbii ki, Türkiyə Cümhuriyyəti də bunu çox yaxşı başa düşür. İndiyədək transmilli media vasitəsilə “Böyük İsrail” layihəsi və sionizmin İsrailin xarici siyasində prioritet olması konspirasiya nəzəriyyəsi kimi təqdim edilə, İsrail hökuməti bununla bağlı manipulyasiya edə bilirdisə, artıq bu məsələdə İsrailin manevr imkanları tükənib.

Bütün dünya çox yaxşı anlayır ki, İsrailin siyasətinin təməlində “genişlənmə” strategiyası dayanır və bu da sionizmlə birbaşa əlaqəlidir.

Türkiyə Prezidenti də bildirdi ki, İsrailin dağıdıcı mövqeyi Türkiyənin milli təhlükəsizliyini təhdid edir. Çünki “Böyük İsrail” layihəsinin kökündə Türkiyəyə qarşı ərazi iddiaları da var.

Türkiyənin Suriyada hakim mövqeyə yiyələnməsi və getdikcə daha da güclənməsi hazırda İsrailin koalision hökumətində təmsil olunan radikal dindarların yürütdüyü siyasi xəttə tamamilə ziddir və İsrail bu durumu təhlükə olaraq görür.

İsrail Türkiyəni bu fəaliyyətlərdən çəkindirməyə çalışır, lakin Türkiyə bu məsələdə qərarlıdır.

Tramp İsrailə açıq şəkikdə bildirdi ki, İsrailin Türkiyə ilə münasibətlərini normallaşdırması Amerikanın maraqlarına uyğundur.

Türkiyənin Suriyadakı fəaliyyəti Amerika tərfindən qəbul edilib.

Ona görə də, Türkiyə və digər ölkələr İsraillə münasibətlərinə Netenyahudan sonrakı dövrdə yenidən baxacaqlar. Böyük ehtimalla, Netanyahu hakimiyyətdən gedəcək. Onun hakimiyyətdə qalma perspektivi görünmür. Netanyahu sonrası dönəmdə Türkiyə–İsrail münasibətləri yenidən formalaşa bilər". 

 

Müsahibimizin sözlərinə görə, Azərbaycanın bu məsələyə münasibətinə gəldikdə isə, ölkəmiz ən yüksək səviyyədə bəyan edib ki, halnız beynəlxalq hüququn tələb etdiyi prinsipləri dəstəkləyir:

 

 

"Azərbaycan İkidövlətli həllin tərəfdarı olmasını açıq şəkildə ifadə edib. Bu da Türkiyənin mövqeyi ilə üst-üstə düşür.

Ona görə də Fələstin məsələsinin ikidövlətli həll yolu ilə nizamlanması həm beynəlxalq hüququn tələbidir, həm də Azərbaycanın dövlət maraqlarına uyğundur. İsrail və Fələstin arasındakı problemlərin həlli, ümumiyyətlə Yaxın Şərqdə sabitliyin bərpası üçün yeganə həll yolu da məhz budur. Bunun alternativi yoxdur".

 

Fatimə Şahverdiyeva