Abşeronda ödəmə terminallarından 39 minə yaxın pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Bölmə: Hadisə › ,
Tarix: 12:54 21.04.2025

Bakının müxtəlif rayonlarında, həmçinin Abşeron rayonunda yerləşən 11 mağazadan ödəmə terminallarını sındırmaqla ümumilikdə 38 min 943 manat oğurlanıb.

 

"İnformator.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

 

Bildirilib ki, Abşeron rayonu ərazisində yerləşən marketlərin birindən və orada olan ödəmə terminalından 3 567 manat oğurlanıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı Yusif Hüseynov, 27 yaşlı Elvin Əhmədov və 34 yaşlı Emin Yusifov müəyyən olunaraq saxlanılıblar.

Aparılan araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər paytaxtın müxtəlif rayonlarında, həmçinin Abşeron rayonunda yerləşən 11 mağazadan ödəmə terminallarını sındırmaqla ümumilikdə 38 min 943 manat oğurlayıblar.

Onların törətdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Araşdırmalar davam etdirilir.