Qocalıqda texnologiyadan istifadə demens riskini azalda bilər

Tarix: 20:24 21.04.2025
Teksasda aparılan genişmiqyaslı bir araşdırmaya görə, rəqəmsal texnologiyalardan qocalıq dövründə də aktiv şəkildə istifadə edən şəxslərdə demens (ağıl zəifliyi) riski əhəmiyyətli dərəcədə azalır.
Araşdırma çərçivəsində 50 yaşdan yuxarı 411 mindən çox insanı əhatə edən 57 fərqli tədqiqat nəzərdən keçirilib. Bu tədqiqatlar fərqli metodlarla aparılsa da, ümumi nəticələr texnologiya istifadəsinin idrak zəifləməsini yavaşlatdığını göstərib.
Statistik təhlillər göstərib ki, texnologiyadan istifadə edən şəxslərdə idrak pozuntusu riski 58% daha aşağıdır. Bundan əlavə, yaşla bağlı zehni geriləmənin bu şəxslərdə 26%-dən 34%-ə qədər daha yavaş irəlilədiyi müəyyən edilib.
Tədqiqat birbaşa səbəb-nəticə əlaqəsi qurmur, lakin texnologiyadan istifadə, təhsil səviyyəsi, peşə və sosial-iqtisadi şərait kimi amillər sabit saxlanıldıqda belə müsbət təsirin davam etdiyi müşahidə olunub.
Texas Universitetindən neyropsixoloq Jared Benge bildirib ki, texnologiyadan istifadə yaşlı insanların idrak sağlamlığını qorumaqda mühüm bir vasitə ola bilər. Benge-yə görə, yeni tətbiqləri öyrənmək kimi beyni çətinliklərlə qarşılaşdıran fəaliyyətlər beyin aktivliyini artırır.
Bundan başqa, sosial media və görüntülü zəng tətbiqləri yaşlıların sosial əlaqələrini qorumasına kömək edir. Bu da demens inkişafı ilə sıx bağlı olan tənha qalma hissini azaldır. Xatırlatma tətbiqləri isə dərmanların qəbulu və tibbi görüşlər kimi gündəlik funksiyaları dəstəkləyərək yaşlıların müstəqil qalmasına yardımçı olur.
Mənbə: TRT HABER
Nuray Əliyeva