Əlilliyi Olan Şəxslərin Cəmiyyətə İnteqrasiyası

Tarix: 22:43 21.04.2025
Müasir dövrdə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və onların sosial hüquqlarının qorunması prioritet məsələlərdən biri kimi çıxış edir. Lakin bu kateqoriyadan olan şəxslər hələ də bir çox infrastruktur və sosial çətinliklərlə üz-üzə qalırlar. Onların gündəlik həyatda sərbəst hərəkəti, təhsil, məşğulluq və sosial fəaliyyətlərə qoşulması üçün müasir və əlçatan şəraitin yaradılması vacib hesab olunur.
Məsələ ilə bağlı Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək (VHMD) Müstəqil Həmkarlar Birliyinin sədr müavini Əhməd Rəhmanov bildirib ki, son illər dövlət və ictimai təşkilatlar tərəfindən bu istiqamətdə bir sıra layihələr reallaşdırılır:
“Hazırda əlilliyi olan şəxslərin sosial həyatda fəal iştirakı üçün müxtəlif proqramlar həyata keçirilir. Bunlara peşə kursları, psixoloji dəstək xidmətləri, idman və mədəni tədbirlərin təşkili daxildir. Xüsusilə, onların məşğulluğunun təmin olunması istiqamətində peşə yönümlü təlimlərə böyük önəm verilir.”
Əhməd Rəhmanov əmək bazarında ayrı-seçkilik hallarının qarşısının alınması məsələsinə də toxunaraq bildirib ki:
“Əmək Məcəlləsinə əsasən, əlilliyi olan şəxslərin işə qəbulunda ayrı-seçkilik halları yolverilməzdir. Bununla bağlı dövlət qurumları və qeyri-hökumət təşkilatları əmək münasibətlərində bərabər imkanların təmin olunmasına ciddi nəzarət edir. İşəgötürənlər üçün maarifləndirmə tədbirləri keçirilir, monitorinqlər aparılır".
Mütəxəssisin sözlərinə görə, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün yalnız hüquqi və təşkilati tədbirlər kifayət etmir. Cəmiyyətin yanaşması da bu istiqamətdə mühüm rol oynayır:
“Bu şəxslərin özlərini cəmiyyətin tamhüquqlu üzvü kimi hiss etməsi üçün onların gündəlik həyatı üçün uyğun infrastruktur qurulmalıdır. Panduslar, xüsusi keçidlər, ictimai nəqliyyatda şərait və informasiya sistemlərində əlçatanlıq məsələləri mütləq təmin edilməlidir. Digər tərəfdən, cəmiyyət bu insanlara yalnız mərhəmət gözü ilə yox, bərabər hüquq və imkanları olan fərdlər kimi yanaşmalıdır".
Əhməd Rəhmanov əlavə edib ki, bu sahədə maarifləndirmə tədbirlərinin gücləndirilməsi, mediada sosial bərabərlik mövzusunda layihələrin təşviqi və ictimai tədbirlərin təşkili əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına müsbət təsir göstərə bilər. Onun fikrincə, bu istiqamətdə görüləcək işlər nə qədər çox və davamlı olarsa, bir o qədər sağlam və bərabərhüquqlu cəmiyyət formalaşdırmaq mümkün olacaq.
Asiman Vəliyeva