Türk dövlətlərinin Süni İntellekt İnstitutunun yaradılması təklif olunur

Tarix: 23:24 21.04.2025
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov Bakıda Beynəlxalq Türk Akademiyası və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin sosioloji tədqiqat nəticələrinin təqdimatına həsr edilmiş beynəlxalq konfransda çıxışı zamanı bildirib ki, belə bir institutun yaradılması məqsədəuyğundur. O qeyd edib ki, Tədqiqat İnstitutunun mərkəzi Bakı ola bilər.
Bu məsələ ilə bağlı Cahid İmanlı “İnformator.az”a açıqlamasında bildirib ki, əksər iş adamları bu layihəyə cəlb olunmalıdır. Çünki bu, çox böyük layihədir və yalnız dövlət hesabına süni intellekti tətbiq etmək mümkün deyil:
“Türk dövlətləri arasında süni intellekt sahəsində əməkdaşlığı gücləndirmək üçün ilk növbədə həmin dövlətlərin öz süni intellekt sahəsində dövlət proqramı olmalıdır. Bu proqramda qanunvericilik öz əksini tapmalı, infrastruktur qurulmalı, milli kadrlar hazırlanmalıdır. Həm regional, həm də beynəlxalq əməkdaşlıqla əlaqələr inkişaf etdirilməlidir. Əksər iş adamları bu prosesə cəlb olunmalıdır, çünki bu, çox böyük layihədir və dövlətin hesabına həyata keçirmək çətindir. Məhz buna görə də müxtəlif sahələrdə çalışan sahibkarları və iş adamlarını bu işə cəlb etmək vacibdir.
Süni intellekt sahəsində hər bir türk dövləti maraqlı olmalı və bu istiqamətdə üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Türk ölkələri arasında mədəni, iqtisadi, təhsil və elm sahələrində bir çox layihələr həyata keçirilir. Bütün idarələrin bu sahədə ortaq layihələrinin mərkəzlərinin yalnız bir ölkədə yerləşməsi düzgün deyil. Bu, həm bərabərliyi, həm də balansı poza bilər və riskləri artıra bilər. Riskləri bölüşmək və layihələrdən bərabər faydalanmaq üçün mərkəzlərin ayrı-ayrı ölkələrdə yerləşməsi daha məqsədəuyğundur.
Mərkəzi Asiya ölkələri içərisində təhsil baxımından irəlidə gedən regionlardan biri də Bakıdır. Azərbaycanın universitetlərinin bu layihəni reallaşdırmaq üçün kifayət qədər potensialı var. Beynəlxalq əməkdaşlıq sahəsində əlaqələrimiz də sürətlə inkişaf edir.
Süni intellekt hazırda dövrümüzün sənaye inqilabıdır. Təhsil, elm, səhiyyə və xüsusilə hərbi sahədə süni intellektin təsirləri yaxın gələcəkdə daha aydın şəkildə görünəcək. Milli süni intellekt sahəsində tətbiq edilən proqramların, texniki avadanlıqların, robotlaşmış texnikanın proqramlaşdırma dili milli olmalıdır. Türk ölkələri öz səylərini birləşdirməklə növbəti illərdə müdafiə və inkişaf baxımından ciddi zəmin hazırlayırlar", – deyə ekspert qeyd edib.
Xədicə Məhərrəmli