Bakı Dövlət Universitetində Üzeyir bəy Hacıbəylinin 140 illiyi münasibətilə elmi seminar keçirilib  

Bölmə: Sosial › ,
Tarix: 17:31 22.04.2025

22 aprel 2025-ci il tarixində Bakı Dövlət Universitetində görkəmli bəstəkar, publisist və maarifçi Üzeyir bəy Hacıbəylinin 140 illik yubileyi münasibətilə elmi seminar təşkil olunub.

 

Tədbir giriş nitqi ilə açılıb. Daha sonra Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun” operası və “Arşın mal alan” operettası psixoloji aspektdən təhlil edilib. Tədbirdə həmçinin bəstəkarın məşhur “Sevgili canan” romansı da səsləndirilib.

 

Tarix fakültəsinin tələbəsi çıxış edərək erməni-müsəlman münasibətləri mövzusunda Üzeyir bəyin yazılarını təhlil edib. O, bildirib ki, Üzeyir bəy öz əsərlərində müsəlmanların ermənilərə qarşı heç vaxt pis münasibət göstərmədiyini qeyd edir.

 

Filologiya fakültəsinin tələbəsi isə Üzeyir bəyin satirik hekayələri haqqında məlumat verib.

 

Daha sonra "Uzundərə" xalq rəqsi ifa olunub.

 

Jurnalistika fakültəsinin tələbəsi Cəbrailzadə Nurlanaya söz verilib. O, çıxışında qeyd edib ki, Üzeyir bəy Hacıbəylinin publisistik fəaliyyəti Azərbaycan xalqının səsini dünyaya çatdırmaq baxımından böyük əhəmiyyət daşıyırdı.

 

Filologiya fakültəsinin dosenti çıxış edərək bildirib ki, bəstəkarın adı “Üzeyir Hacıbəyli” deyil, “Üzeyir bəy Hacıbəyli” kimi səsləndirilməlidir. Onun sözlərinə görə, sovet dövründə rütbəni gizlətmək məqsədilə “bəy” müraciəti məqsədli şəkildə istifadədən çıxarılmışdı.

 

Daha sonra söz Jurnalistika fakültəsinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Aygün Əzimovaya verilib. O, çıxışında bildirib ki, Üzeyir bəyin publisistik fəaliyyəti, xüsusilə “Azərbaycan” qəzetində dərc olunan yazıları, Azərbaycan Xalq Cümhuriyyətinin salnaməsi kimi qiymətləndirilə bilər.

 

Türkan Kərimli