Uğur qorxusu nədir?

Tarix: 21:29 22.04.2025
Bəzən insanlar uğur arzusunu dilə gətirsələr də, ona doğru addım atmaqdan çəkinirlər. Uğur qorxusu – sanki paradoksal bir hissdir: bir tərəfdən istənilən, digər tərəfdən isə qaçılmağa çalışılan bir hal. Bu psixoloji vəziyyət fərdi təkcə karyera və şəxsi inkişafda deyil, gündəlik qərarlarda da məhdudlaşdıra bilər.
Mövzu ilə bağlı "İnformator.az"a psixoloq Günel Əkbərova açıqlamasında bildirib ki, hər şey düşüncədə başlayır:
"Uğur arzusu insanın içindəki ən güclü motivasiyalardan biridir. Amma bəzən bu arzunun kölgəsində gizlənən bir hiss var ki, onu adətən heç kim görmək istəmir: uğursuzluq qorxusu. Bu qorxu səssizcə bizə pıçıldayır: “Bəlkə də bacarmayacaqsan…”, “İtirsən nə olacaq?”, “Gülünc duruma düşərsən…”
Və beləcə, bir çox insan öz gücünü tam potensialla göstərmədən, yarım yolda dayanır. Sən də belə hiss etmisənsə, yalnız deyilsən. Ən əsası isə: bunun öhdəsindən gəlmək mümkündür.
Uğursuzluq qorxusu psixologiyada atixifobiya kimi tanınır. İnsan hansısa yeni bir addım atmağa çalışarkən, özünü aşağılanan, dəyərsiz və bacarıqsız hiss edəcəyindən ehtiyat edir. Əslində problem uğursuzluq deyil – uğursuzluğun necə görünəcəyi və qəbul ediləcəyi ilə bağlı daxili hekayələrdir".
Həmçinin psixoloq bu qorxunun necə yaranması barədə də danışıb:
"1. Uşaq yaşda yaşanan tənqidlər və ya sərt uğursuzluq təcrübələri
2. Perfeksionizm: “Ya mükəmməl olmalıyam, ya da heç etməməliyəm".
3. Sosial müqayisə: Başqalarının uğuru qarşısında özünü kiçiltmək
4. Şəxsi inamın zəifliyi: “Mən kiməm ki…?” düşüncəsi
Qorxunu tanı
O sənə nə demək istəyir? Çox vaxt qorxumuz beynimizin riskdən qaçma instinktindən qaynaqlanır. Bu zaman biz özümüzə belə bir sual verə bilərik: “Ən pis ehtimalda nə ola bilər ki? Real təhlükə varmı?” Hətta bunun üçün düşüncələrini yazıb analiz də edə bilərsən. Çox zaman qorxularımızın əksəriyyəti qeyri-reallığı əks etdirir.
Baxış bucağını dəyiş
Uğursuzluqlar çox zaman bizə xidmət edir. “Mən bacarmadım” əvəzinə “Bu dəfə nələrsə öyrəndim” deyə bilərsən. Həyatda ən çox uğur qazanmış insanlar məhz ən çox uğursuzluğa məruz qalan şəxslərdir.
Kiçik qorxularınla üzləş – Mikroçağırışlar
Beynimiz eyni şeyi təkrar-təkrar etdiyi zaman artıq bunu normal qəbul etməyə başlayır. Sən də özün üçün səni həm həyəcanlandıran, həm də qorxu yaradan kiçik ortamlar yarada bilərsən. Məsələn, rədd edilməkdən qorxursansa, kiçik bir xahiş et. Toplum önündə danışmaqdan çəkinirsənsə, kiçik bir qrupda fikrini paylaş. Və beləliklə, səndə uğursuzluğa qarşı bir immunitet yaranacaq.
Unutmayın: qorxu bizi hərəkətsiz saxlasa belə, qorxunu yenməyin ən gözəl yolu hərəkətə keçməkdir".
Nigar Həsənzadə