Şimali Koreya Rusiyaya əsgər göndərdiyini təsdiqləyib

Tarix: 11:10 28.04.2025
Şimali Koreya ilk dəfə olaraq Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləmək üçün Rusiyaya qoşun göndərdiyini təsdiqləyib. Pxenyanın verdiyi məlumata görə, Şimali Koreya əsgərləri Kursk bölgəsində Ukrayna qüvvələrinin nəzarətində olan ərazilərin geri alınmasında iştirak ediblər.
Bazar ertəsi yayılan açıqlamada bildirilib ki, Şimali Koreya lideri Kim Çen In, Moskva ilə Pxenyan arasında imzalanmış qarşılıqlı müdafiə müqaviləsi çərçivəsində Rusiyaya dəstək məqsədilə hərbi qüvvə göndərib. Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Kim Çen Inın sözlərindən sitat gətirərək bildirib ki, "Şimali Koreya əsgərləri Ukrayna neonasist işğalçılarını məhv etmək və Kursk bölgəsini azad etmək üçün Rusiya silahlı qüvvələri ilə əməkdaşlıq edir".
Şimali Koreya həmçinin, Rusiya ilə hərbi əməkdaşlığı “qürurverici ittifaq” adlandırıb və Rusiyanı “qüdrətli dövlət” kimi dəyərləndirib. Rusiya Prezidenti Vladimir Putin və Kim Çen In 2024-cü ilin iyun ayında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi imzalamayıb. Müqaviləyə əsasən, hər iki tərəf müharibə vəziyyətində bir-birinə hərbi dəstək göstərmək öhdəliyi götürüb.
Cənubi Koreyanın Yonhap Xəbər Agentliyi bildirib ki, Şimali Koreya yaxın vaxtlarda Pxenyanda Ukraynaya qarşı döyüşən əsgərlərin şərəfinə abidə ucaldacaq. Yonhap həmçinin qeyd edib ki, Şimali Koreya 2024-cü ilin oktyabrında Rusiyaya minlərlə əsgər göndərib, lakin indiyədək bunu rəsmi şəkildə təsdiqləməyib.
Ukrayna rəsmiləri Şimali Koreyadan təxminən 14,000 əsgərin göndərildiyini və ilkin mərhələdə ağır itkilər verildiyini bildiriblər. ABŞ və Cənubi Koreya kəşfiyyat mənbələri isə döyüşlərdə yüzlərlə Şimali Koreya əsgərinin öldüyünü və minlərlə əsgərin yaralandığını qeyd edir. Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov da çıxışında Şimali Koreya əsgərlərinin "qəhrəmanlığını" alqışlayaraq onların Ukrayna qüvvələrinin Kursk bölgəsindən çıxarılmasında əhəmiyyətli rol oynadıqlarını vurğulayıb.
Mənbə: Al Jazeera
Qəmər Kazımzadə