Azərbaycanla əməkdaşlıqda heç bir məhdudiyyət nəzərdə tutmuruq

Tarix: 20:32 28.04.2025
İran Prezidenti: Azərbaycanla əməkdaşlıqda heç bir məhdudiyyət nəzərdə tutmuruq.
Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıq iki ölkənin əlaqələrinə töhfə verə bilər.
Mövzu ilə əlaqədar politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, təbii ki, Azərbaycan hər zaman bəyan edib ki, qonşularla müsbət istiqamətdə əlaqələrin inkişafında maraqlıdır:
“Bu, həm regionda sülh və sabitliyin davamlı olması üçün həm də iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın davamı üçün zəruridir. Eyni zamanda İranla da həmişə çalışırıq ki, münasibətlər stabil olsun. Çünki İranda çoxmilyonlu soydaşlarımızın, yaşaması faktı, habelə tarixi, mədəni ortaq dəyərlərimizin mövcudluğu bunu tələb edir. İran əgər ideoloji və siyasi islahatlara başlasa, daxili reform aparsa nəinki Azərbaycanla digər müsəlman ölkələri ilə arada olan ziddiyyətlər, anlaşmazlıqlar aradan qalxar. Radikal mühafizəkar teokratik rejim qloballaşan dünya ilə ayaqlaşmadıqca münasibətlər gərgin olaraq qalacaq. Fəqət türk əsilli Prezident Məsud Pezeşkiyanın müəyyən islahatlar aparmağa meylli görünməsi, region dövlətlərinə qarşı isti münasibəti bu ümidləri artırır”.
Ekspert qeyd edib ki, Azərbaycan və İran arasında siyasi, iqtisadi, mədəni, turizm sahələrində əməkdaşlıq daha da inkişaf edə bilər:
“Əgər İran Azərbaycana qarşı siyasətinə əl gəzdirsə digər sahələrdə də inkişafın olması mümkündür.
İranla Azərbaycan arasında münasibətlərin qaydaya düşərək anlaşmazlıqlar aradan qalxarsa, İran təhdidkar siyasətindən əl çəksə Cənubi Qafqazda ümumi təhlükəsizlik mühitinə də töhfə vermiş olar. Ermənistanın silahlandırılmasındakı rolunu İran guya güc balansını qorumaq üçün etdiyini qeyd edir. Bu, tamamilə yanlış siyasətdir. Çünki Ermənistanın silahlanması əksinə balansı pozur və təcavüzkar kimliyini tərk etməməyə həvəsləndirir.
Habelə İran Zəngəzur dəhlizi məsəlində alternativ İran yolunun tərəfindədir. Bu da Azərbaycanın daxili işinə qarışmaqdır. Zəngəzur dəhlizini də aça bilər, digər yoldan da istifadə edə bilər”.
Son olaraq politoloq bildirib ki, səfirliyimizə hücum və ölkəmiz daxilində din pərdəsi altında radikal qrupların yaradılması, İrandan Azərbaycana narkotik ixracı da aradakı maneələrdəndir:
“Gərəkdir ki, İran prezidenti bu kimi problemlərin həllində ciddi səy göstərsin.
Təbii ki, bu problemlərin həll olunmaması əməkdaşlığın davamlı olmasına maneədir.
İran Prezidenti münasibətlərin qaydaya düşməsində maraqlıdırsa bununla bağlı real işlər görməlidir. Əgər nəticə olarsa təbii ki, arada daha möhkəm əlaqələr qurular və inkişaf edər”.
Asiman Vəliyeva