16 Aİ ölkəsi müdafiə xərclərinin artırılması maddəsini işə salacaq

Tarix: 20:58 01.05.2025
Avropa İttifaqının 27 üzvündən 16-sı qarşıdakı dörd il ərzində ümumi daxili məhsullarının (ÜDM) 1.5%-ə qədərini müdafiəyə xərcləmək üçün büdcə məhdudiyyətlərindən kənar istisna maddəsindən istifadə edəcək.
Avropa Şurasının bildirdiyinə görə, Aİ ölkələrinin yarısından çoxu, ictimai borc və kəsir qaydalarını pozmadan hərbi xərcləri artırmaq məqsədilə bu istisna maddədən istifadə etmək niyyətindədir. Avropa Komissiyası bu ilin əvvəlində üzv ölkələrə fövqəladə vəziyyət maddəsindən istifadə etməyə və qarşıdakı dörd il ərzində ÜDM-in 1.5%-ə qədərini müdafiə sərmayələrinə yönəltməyə icazə verilməsini təklif edib. Bu addım, Tramp administrasiyasının Avropanın öz müdafiəsinə daha çox maliyyə ayırmalı olduğunu bildirməsindən və Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı artan təhlükəsizlik narahatlıqlarından sonra atıldı. Aİ-nin bildirdiyinə görə, Almaniya və Polşa bu təşəbbüsə başçılıq edən ölkələrdir. Həmçinin, Rusiya ilə dost münasibətləri olan hökumətlərə sahib Macarıstan və Slovakiya da bu istisna maddədən istifadə etmək istəyən ölkələr sırasındadır. Avropa Şurasına əsasən, maddəni aktivləşdirmək istəyən digər Aİ ölkələri bunlardır: Belçika, Danimarka, Finlandiya, Estoniya, Latviya, Litva, Yunanıstan, Portuqaliya, Sloveniya, Çex Respublikası, Xorvatiya və Bolqarıstan. Aİ-nin İqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis bildirib ki, “biz digər istisna tələblərinə də açığıq". Bu maddə 2030-cu ilə qədər qitənin yenidən silahlanması üçün yüz milyardlarla avro xərcləməyə imkan verə bilər. Aİ-də hərbi xərclər 2021-ci ildən bəri 31% artsa da, bir çox ölkə xərcləri daha da artırmaq istəyir. Yeni Almaniya kansleri Fridrix Mers bildirib ki, Avropa öz təhlükəsizliyi naminə tez hərəkət etməlidir.
O, mart ayında deyib: “Qitəmizdə azadlığımıza və sülhümüzə yönəlmiş təhdidləri nəzərə alaraq, müdafiə üçün qaydamız 'nə lazımdırsa, o edilməlidir' olmalıdır". Mart ayında Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen yeni Aİ müdafiə paketini elan edərkən Avropanın qarşı-qarşıya olduğu təhlükələrdən açıq şəkildə danışıb: “O zaman gəlib çatıb ki, silahlanma artmalıdır. Avropa müdafiə xərclərini ciddi şəkildə artırmağa hazırdır", – deyə o bildirib. “Bu həm Ukraynaya dəstək üçün təcili tədbirlər görmək, həm də uzunmüddətli olaraq öz təhlükəsizliyimiz üçün daha çox məsuliyyət daşımaq məqsədi daşıyır".
Evronews
Billurə Quliyeva