Qətər Haaqada İsraili “Qəzzada humanitar fəlakət yaratmaqda” ittiham edib

Tarix: 21:08 01.05.2025
Qətərin Niderlanddakı səfiri Mutlaq əl-Qahtani BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) çıxış edərək, İsrailin işğal olunmuş Fələstin ərazilərində qeyri-qanuni mövcudluğunu davam etdirdiyini və fələstinlilərə qarşı “soyqırım xarakterli müharibə” apardığını bildirib.
Diplomat qeyd edib ki, Qəzza zolağında fələstinlilər aclıq həddində yaşamağa məcbur edilir, İsrail isə həyati əhəmiyyət daşıyan humanitar yardımın bölgəyə çatdırılmasını əngəlləyir. Onun sözlərinə görə, İsrail BMT-nin bölgədə əsas humanitar və inkişaf qurumu olan UNRWA-nın fəaliyyətini də təhlükə altına qoyub.
Əl-Qahtani İsrailin yardımı “müharibə silahına çevirdiyini” və humanitar işçiləri məqsədli şəkildə hədəfə aldığını qeyd edərək, bununla bölgədəki humanitar fəlakətin bilavasitə İsrail tərəfindən yaradıldığını bildirib. Qətər səfiri əlavə edib ki, martın 2-də İsrailin Qəzzaya qida, su və humanitar yardımın girişini tamamilə dayandırması bölgədəki vəziyyəti daha da ağırlaşdırıb və bu addım “kollektiv cəza” kimi qiymətləndirilməlidir. Əl-Qahtani çıxışını belə tamamlayıb: “İsrail hazırda Qəzzada bütöv bir fələstinli nəsli məhv edir".
Mənbə: Al Jazeera
Selcan Əhmədli