Girovların qaytarılması əsas məqsəd deyil-Netanyahu

Bölmə: Dünya › ,
Tarix: 21:10 01.05.2025

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza müharibəsində əsas məqsədin girovların azad edilməsi deyil, “düşmənlərin – HƏMAS-ın məğlub edilməsi” olduğunu bildirib.

 

Qüdsdə keçirilən tədbirdə çıxış edən Netanyahu deyib: “Qalan 59 girovu qaytarmaq istəyirik, lakin müharibənin son məqsədi düşmənlər üzərində qələbədir".

Bu açıqlama girov ailələrinin sərt reaksiyasına səbəb olub. Yerli mediada yer alan məlumata görə, girovlardan birinin anası Einav Zangauker bildirib: “Bu andan etibarən əsas məqsədim Netanyahu hökumətini devirməkdir".

 

Qəzzada girov saxlanılan israillilərin ailələrini təmsil edən Girovlar və İtkin Ailələr Forumu bəyanat yayaraq, girovların azad edilməsinin hökumətin “bir nömrəli prioriteti” olması gərəkdiyini vurğulayıb. Aylarla davam edən etirazlarda girovların qohumları və tərəfdarları Netanyahu hökumətindən atəşkəsə razılaşmağı və bütün girovların azad edilməsini təmin etməyi tələb edirlər. Polis isə dəfələrlə bu aksiyaları dağıdıb.

 

Mənbə: Al Jazeera
Selcan Əhmədli