AfD ekstremist təşkilat kimi tanınıb

Tarix: 20:43 06.05.2025
Almaniyanın Daxili Kəşfiyyat İdarəsi ölkənin ən populyar partiyalarından biri olan AfD-ni demokratiyanı təhdid edən ekstremist təşkilat elan edib.
Mövzu ilə bağlı politoloq Sultan Zahidov “İnformator.az”a açıqlamasında bildirib ki, AfD-nin daxilində qatı sağçı ideyaları təbliğ edən şəxslər var:
"Bu, gözlənilən idi. Çünki AfD-nin son zamanlarda nüfuz qazanması Almaniyada təşvişə səbəb olub. Məhz bu səbəbdən digər bütün partiyalar AfD-yə qarşı 'mühafizə divarı' taktikası elan etdilər. Heç bir partiya heç bir halda AfD ilə koalisiyaya daxil olmamaq barədə qərar verdi.
AfD-nin daxilində qatı sağçı ideyaları təbliğ edən şəxslər mövcuddur. Onlar miqrantların ölkədən çıxarılmasını, Almaniyanın yalnız almanlara aid olduğunu və eyni zamanda ölkənin Avropa İttifaqından çıxmasını təbliğ edirlər.
Digər tərəfdən, Almaniyada son seçkilərdə 20% səs toplaması ciddi rəqəmdir. AfD, Xristian Demokratlardan sonra ikinci ən çox səs toplayan partiya oldu. Bütün bunlar gələcək üçün müəyyən təhdidlər yarada bilər. Nəzərə alsaq ki, Almaniya Rusiya–Ukrayna müharibəsi fonunda intensiv şəkildə hərbiləşir, bəzi mütəxəssislərə görə, gələcəkdə qatı sağçıların hakimiyyətə gəlməsi 1930-cu illərin Almaniyasını xatırlada bilər. Ona görə də bu məsələ ilə bağlı həm beynəlxalq səviyyədə, həm də ölkə daxilində narahatlıq var.
Sözsüz ki, deyə bilərsiniz bu, demokratiyaya uyğun bir addım deyil — hansısa partiyanın ləğv edilməsi. Amma düşünürəm ki, demokratiyanın da müəyyən məhdudiyyətləri olmalıdır. Tam demokratiya deyilən bir şey yoxdur. İstənilən demokratik dövlətdə müəyyən məhdudiyyətlər mövcuddur. Əgər bu məhdudiyyətlər olmasa, dövlət radikallaşma və ekstremizmə doğru yönələ bilər ki, bu da həm beynəlxalq aləm, həm də ölkə əhalisi üçün böyük bir təhlükədir. Məhz buna görə Almaniyanın siyasi sistemi və təhlükəsizlik orqanları AfD-nin məhdudlaşdırılmasına qərar veriblər.
Bir məqama da toxunmaq istəyirəm: AfD Almaniyada ermənipərəst mövqeyi ilə seçilən partiyalardan biridir. Onların nümayəndələri 2023-cü ildən əvvəl Qarabağdakı separatçı rejimi ziyarət ediblər. Bu da nəzərə alınmalıdır.
Yəni bu partiyanın sağı-solu bəlli deyil".
Səyyarə Mirzəyeva