İran, Bakı-İrəvan sülh razılaşmasına dəstək siqnalı verir

Tarix: 21:09 06.05.2025
İran, Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin razılaşdırılmasını müsbət addım kimi qiymətləndirib. Tehran hesab edir ki, iki ölkə arasında birbaşa dialoq regional sabitliyin təmin olunmasına töhfə verə bilər.
Məsələ ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh istiqamətində əsas məsələlərin demək olar ki, hamısı artıq razılaşdırılıb. Sülh müqaviləsinin bütün maddələri üzərində razılıq əldə olunub və indi yalnız Ermənistanın öz öhdəliklərini yerinə yetirməsi qalır:
"Zəngəzur dəhlizinə isə əslində Ermənistan yox, İran mane olur. Belə vəziyyətdə İranın prosesə sonradan qoşulmaq istəyi “toydan sonra nağara çalmaq” kimi bir vəziyyəti xatırladır – bu isə “qurdla quzunun yeyib, çobanla yas saxlamasına” bənzəyir.Həm münaqişə, həm də müharibə dövründə İran bütün imkanlarından istifadə edərək Azərbaycana maneə yaratmağa çalışıb. İndi isə dalana dirəndiyi bir vaxtda özünə hami axtarması təəccüblü deyil. Azərbaycan həmişə qonşuluq və dostluq ənənələrinə sadiq olub, bunu da həm dövlət səviyyəsində, həm də əməldə nümayiş etdirib.Əgər İran bu proseslərdə iştirak etmək istəyirsə, siyasətində korrektələr etməli, Ermənistanı silahlandırmağı dayandırmalı və Zəngəzur dəhlizinə mane olmamalıdır.İranın bu proseslərə qoşulmaq istəyi ideoloji maraqlarla bağlıdır. Onlar bu regionu "İslam torpağı" adlandıraraq öz təsir dairələrinə qatmaq niyyətindədirlər. Zəngəzur dəhlizinə olan maneəçilik də əslində bu ideoloji məqsədlərlə bağlıdır. Rəsmi Tehran bunu iqtisadi və siyasi səbəblərlə izah etməyə çalışsa da, gerçək niyyət başqadır.Təhlükəsizlik baxımından da İranın Ermənistanı silahlandırması ciddi narahatlıq doğurur. Əgər bu dəstək dayandırılsa, bu, regionda sülhün bərqərar olmasına mühüm töhfə verə bilər. Yoxsa bir tərəfdən Azərbaycana yaxınlaşmaq, digər tərəfdən isə agentura şəbəkəsi qurmağa cəhd göstərmək səmimiyyətdən uzaq, təhlükəli yanaşmadır".
Ekspert həmçinin bunu da bildirib ki, İranla Rusiya arasında bir çox məsələdə oxşar maraqlar mövcuddur:
"Eyni zamanda Avropa İttifaqı ilə də keçmişdə vasitəçilik təşəbbüsləri çərçivəsində müəyyən təmaslar olub. Hazırda İranın regiona müdaxiləsi öz təsir dairəsini genişləndirmək və xüsusilə Türkiyənin rolunu zəiflətmək məqsədi daşıyır. Bununla belə, İranın dünyada yaratdığı gərginliyi regiona daşımaq xoş nəticələrə gətirib çıxarmaya bilər. İranın bölgədə rolunun artması, onunla qarşıdurmada olan dövlətlərlə Azərbaycanın münasibətlərinə də mənfi təsir göstərə bilər.Sülh müqaviləsinin razılaşdırılması təkcə alqışlanmalı deyil, həm də reallaşması üçün şərait yaradılmalı və dəstək göstərilməlidir. İranın prosesə müdaxiləsi Rusiya və Aİ ilə münasibətlərə də təsir edə bilər. Əgər İran səmimi olarsa, qonşuluq prinsiplərinə hörmətlə yanaşarsa və Ermənistanı silahlandırmaqdan imtina edərsə, Azərbaycan da ənənəsinə sadiq qalaraq isti münasibətləri davam etdirə bilər.Əgər İran regionda sülh və təhlükəsizliyin davamlı olmasını istəyirsə, aqressiv və yanlış siyasətindən əl çəkməlidir. Ermənistanla Azərbaycan arasında bərpa olunmaqda olan sülh prosesinə qarşı pozucu fəaliyyətlərdən çəkinməsi özü də prosesə dəstək sayıla bilər".
Güllər Gülhüseynova