Süni intellektin sosial təsirləri: Ünsiyyət aləti, yoxsa tənhalığa aparan yol?

Bölmə: Sosial › ,
Tarix: 18:35 07.05.2025

Sosial şəbəkələr, chatbotlar və süni intellekt texnologiyaları son illər insanların gündəlik ünsiyyət alətlərindən birinə çevrilib. Müasir cəmiyyətdə bu texnologiyalar həm funksional, həm də qismən emosional ehtiyacların qarşılanmasında rol oynayır. 

 

 

Mövzu ilə bağlı İnformasiya Texnologiyaları üzrə ekspert Fərrux Rəcəbli qeyd edir ki, süni intellekt bu gün həyatımızda ciddi bir yer alıb:

 

 

“Süni intellekt nəyinki sosial və iş həyatımızda hər yerdə var. Süni intellekt və chatbotlardan müxtəlif işlərimiz üçün istifadə edirik. Onlar işlərimizi daha operativ görməyimizə yardım edir. Ancaq insanlar arasında dostluq, güvən problemi yaranır.  Onlar süni intellektlərlə, chatbotlarla danışmağa başlayırlar. Texnologiyalar sosial ehtiyacların hamısını qarşılamır”.

 

Mütəxəssisin sözlərinə görə, texnologiyanın bu sahədə sürətli inkişafı, bəzən real insan münasibətlərini ikinci plana keçirə bilər:

 

“Bu vəziyyət birmənalı qarşılanmır – bir çox mütəxəssis insan münasibətlərinin texnologiya ilə əvəzlənməsinin sosial təsirləri barədə narahatlığını bildirir. Texnologiyanın inkişaf etməsinin heç bir mənfi təsiri yoxdur. Bu inkişaf nəticəsində insanlar elmi biliklərini, dünyagörüşünü inkişaf etdirirlər. Texnologiya yaranmamışdan öncə hansısa bir işi, araşdırmanı yerinə yetirdiyimiz zaman, vaxt itkisi yaşayırdıq. Ancaq süni intellektlərin yaranması ilə bu daha asan başa gəlib. Süni intellekt bir neçə insanın gördüyü işi tək başına yerinə yetirdiyi üçün onun üzərinə daha çox vəzifə düşür. Mənfi cəhətlərinə onu da aid edə bilərik ki, günümüzdə işsizliklə mübarizə aparan insanların sayı çoxdur. Və bu texnologiyaların yaranması ilə işsizlik daha da çoxalıb”.

 

 

“Əgər biz buna biznes yönümlü yanaşsaq o bir çox problemləri həll edəcəkdir, sosial yönümlü yanaşdığımız zaman isə problemləri qat-qat artıracaqdır. Mən düşünürəm ki,  süni intellektlərin çoxalması ilə gələcəkdə psixoloji problemi olan insanlar artacaq. Çünki, insanlar sosial cəmiyyətdən uzaqlaşmaqla özlərinə qapanacaqlar”.

 

 

 

Türkanə Meşədiyeva