Lənkəranda növbəti regional müşavirə keçirildi

Bölmə: Sosial › ,
Tarix: 17:25 08.05.2025

Mayın 8-də Lənkəran şəhərində “Yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması” mövzusunda növbəti regional müşavirə keçirilib.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, müşavirədə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Emin Quliyev, Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin rəisi polkovnik-leytenant Kənan Aşurov, FHN-in Cənub Regional Mərkəzinin rəisi polkovnik Müsəddiq Əsədov, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı və Ədliyyə nazirliklərinin, Baş Prokurorluğun rəsmiləri, Mərkəzin əhatə etdiyi rayon icra hakimiyyəti başçılarının müavinləri və digər aidiyyəti strukturların nümayəndələri iştirak ediblər.

Müşavirənin keçirilməsində məqsəd qarşıdan gələn yay fəsli ilə əlaqədar meşə və meşəətrafı ərazilərdə, əkin sahələrində mümkün yanğınların qarşısının alınması istiqamətində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsi olub.

 

Müşavirədə yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması məqsədilə aidiyyəti qurumların birgə fəaliyyətinin vacibliyi vurğulanıb. Bildirilib ki, ətraf mühitin ayrılmaz hissəsi olan meşələrin mühafizəsi və inkişafı iqlim dəyişmələrinə qarşı vacib mübarizə tədbirlərindən biridir. Əhali arasında ekoloji maarifləndirmə tədbirlərinin genişləndirilməsinin, meşə və əkin sahələri ətrafında mineral zolaqların salınmasının, yanğınların söndürülməsi üçün sututarların yaradılmasının əhəmiyyəti vurğulanıb.

 

Müşavirədə qarşıdan yay mövsümünün gəlməsi ilə əlaqədar meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasının vacibliyi xüsusi qeyd edilib.